TBİLİSİ, 8 iyul. TELEQRAF

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisiyə ilk rəsmi səfərini etmiş Özbəkistanın XİN başçısı Baxtiyor Saidovla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib.

Nazirlər Gürcüstanla Özbəkistan arasında dostluq münasibətlərini və tərəfdaşlığı müzakirə ediblər, yüksək səviyyəli səfərlərin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetiriblər. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafında Gürcüstan və Özbəkistanın birgə əməkdaşlığı qeyd olunub.

Görüşdə, həmçinin parlament əməkdaşlığının xüsusi rolu vurğulanıb, mədəniyyət, təhsil, elm, turizm və idman sahələrində əlaqələrin dərinləşdirilməsinin zəruriliyi bildirilib.

Görüşdən sonra Gürcüstan və Özbəkistan XİN-ləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.

B.Saidov Gürcüstana səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşüb. Onun Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə də görüşləri planlaşdırılıb.