BAKI, 13 iyun. TELEQRAF
“İran ətrafında baş verənlər Ermənistan üçün də təhlükəlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Bu gün baş verənlər təkcə İran və ya Yaxın Şərq üçün yox, həm də Ermənistan üçün təhlükə yaradır”, - Təhlükəsizlik Şurasının katibi bildirib.
Həmçinin A.Qriqoryan qeyd edib:
“Hərbi eskalasiyanın bütün mümkün ssenarilərini müzakirə etmişik, ona uyğun hazırlıq işləri aparmışıq və bunun çərçivəsində də planlaşdırma etmişik. Ssenarilərə uyğun planlaşdırmamız var və buna uyğun hərəkət edəcəyik”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.