TBİLİSİ, 12 iyun. TELEQRAF

“Avropa İttifaqına üzv ölkələr Gürcüstan üçün vizasız rejimin dayandırılmasını artıq bir neçə aydır müzakirə edirlər. Hazırkı mərhələdə üzv ölkələrin əksəriyyəti buna qarşıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müzakirələr davam etdirilir.

“Sizi əmin etmək istəyirəm ki, hazırkı mərhələdə Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız gediş-gəlişdən istifadə edə bilərlər”, - səfir söyləyib.

P.Herçenski Aİ ilə Gürcüstan arasında son dövrdə münasibətlərin yaxşı olmadığını təəssüflə vurğulayıb.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martın 28-dən tətbiq olunur. Bu ilin yanvarında Aİ Gürcüstanın diplomatik pasportlarına sahib şəxsləri üçün vizasız rejimi ləğv edib. Lakin gürcü məmurların diplomatik pasportla yanaşı, adi pasportları da olduğundan bu addım daha çox rəmzi xarakter daşıyıb.