BAKI, 29 may. TELEQRAF
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi dayanmayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupları təmasdadır və irəliləyiş istiqamətində işlərini davam etdirir.
Qriqoryan ötən il sərhədin 12,7 kilometrlik hissəsinin demarkasiya olunduğunu, orada sərhəd qoşunlarının yerləşdirildiyini və bundan sonra bu ərazilərdə cəmi bir insidentin qeydə alındığını xatırladıb.
“Demarkasiyanı davam etdirmək, sərhəd qoşunlarını yerləşdirmək və digər ərazilərdə də sabitliyin bərqərar olması üçün Azərbaycanla işləyirik”.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, son razılaşmaya əsasən, demarkasiya Ermənistan, Azərbaycan və Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsindən bir qədər aşağıda olan nöqtədən davam edəcək.