BAKI, 11 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ləğv edilmiş separatçı rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Samvel Babayanla əməkdaşlığını yenidən gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Qarabağlı ermənilər arasında Paşinyanla Babayan arasında kölgə əməkdaşlığının yenidən gücləndiyi barədə söz-söhbətlər var. İddiaya görə, Babayana tikinti tenderləri sahəsində müəyyən kvota verilib. O, qarabağlı ermənilər və iş adamları ilə aktiv görüşlər keçirir. Babayan bunu daha çox pul yox, özünə qarabağlı ermənilər arasında daha çox tərəfdar cəlb etmək üçün edir.

Babayan qarşıdan gələn parlament seçkilərinə qədər “təsiredici müxalifət elektoratı” formalaşdırmağa çalışır. O, gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir”, - məlumatda deyilir.

İddiaya görə, Babayan İrəvanda fəaliyyətini davam etdirən keçmiş qondarma qurumun QHT-yə çevrilməsinin tərəfdarıdır. Erməni mənbələri bunun Paşinyanın planı olduğunu, məqsədin separatçı ünsürlərin fəaliyyətlərinə birdəfəlik son qoymaq olduğunu yazırlar.

Xatırladaq ki, işğal dövründə Qarabağda separatizm və digər cinayət fəaliyyətlərində aktiv iştirak etmiş Samvel Babayan 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun birgünlük antiterror tədbirləri zamanı Ermənistana qaçmışdı.