BAKI, 23 aprel. TELEQRAF

“Gürcüstan yol ayrıcındadır, ölkənin gələcəyi hələ yazılmayıb. Amma qarşıdakı həftə və aylarda veriləcək qərarlar müəyyən edəcək ki, Gürcüstan demokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslanan Avropa ailəsinə məxsus olacaq, yoxsa öz qaranlıq keçmişinə qayıdacaq”.

Teleqraf xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

Diplomat xatırladıb ki, Avropa İttifaqı Gürcüstana üzvlüyə namizəd statusu verməklə seçimini edib.

“Bu, böyük qürur və sevinc anı idi. Amma o vaxtdan bəri, təəssüf ki, Gürcüstan artıq düzgün trayektoriyada deyil. Hakimiyyət alternativ olaraq avtoritarizm modelini seçib və ölkəni Avropa İttifaqından uzaqlaşdırır”, - Qerçinski qeyd edib.

Səfir ümid etdiyini bildirib ki, Gürcüstan yenidən Avrointeqrasiya və demokratiya yoluna qayıdacaq.

“Gürcü xalqına əsas mesajım budur: ümidinizi itirməyin. Biz imkan verməməliyik ki, Gürcüstan və bu gözəl, isti, qonaqpərvər xalq zorakılıq, vətəndaş müharibəsi, yoxsulluq, çətinlik və korrupsiyanın qaranlıq dövrünə qayıtsın. Bu, onların layiq olduğu gələcək deyil. Hakimiyyət bizimlə əməkdaşlıq etmək istədiyini bildirən kimi, biz Gürcüstanın Avropa İttifaqına üzv olmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik”.