BAKI, 23 aprel. TELEQRAF
İsrail Xarici İşlər Nazirliyi xristian dünyası ilə əlaqələr üzrə xüsusi nümayəndə təyin etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu vəzifəni 2018-25-ci illərdə İsrailin Azərbaycandakı səfir vəzifəsində çalışmış Corc Dik tutub.
Nazirlik qeyd edib ki, Dik 18 illik təcrübəyə malik təcrübəli diplomatdır. O, hazırda Təl-Əvivin qədim sahil şəhəri Yaffanın ərəb xristian icmasının nümayəndəsidir. Dik gənc yaşlarından yerli pravoslav icmasında fəal iştirak edib, 2018-ci ildə İsrailin ilk xristian səfiri olub.
Diplomatik qurum vurğulayıb ki, bu təyinat İsrailin dünyanın hər yerindəki xristian icmaları ilə əlaqələrini dərinləşdirmək məqsədi daşıyır.
Qərarı şərh edən İsrail xarici işlər naziri Gideon Saar ölkəsinin xristian dünyası və dünya üzrə xristian dostları ilə münasibətlərinə böyük əhəmiyyət verdiyini deyib. Nazir qeyd edib ki, hörmətli və təcrübəli diplomat olan Corc Dikin İsrail Dövləti ilə xristian dünyası arasında dostluğun dərinləşməsinə və əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əmindir.