BAKI, 23 aprel. TELEQRAF
Hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze Xarici İşlər Nazirliyindən son açıqlamasına görə Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Gerçinskinin çağırılmasını tələb edib.
Teleqraf xəbər verir ki, o, avropalı diplomatı Gürcüstanda vətəndaş müharibəsini təhrik etməkdə ittiham edib.
“Ağlasığmaz açıqlamalar eşidirik. Onlar müharibədən, vətəndaş qarşıdurmasından danışırlar. Əgər əvvəllər kimsə bizi gizlicə müharibəyə çağırırdısa, indi açıq şəkildə vətəndaş qarşıdurması və müharibədən danışmağa başlayıblar. O, açıq şəkildə gürcüləri, gürcü dövlətini təhdid edir. Səfiri çağırıb konkret suallar verməliyik”, - Kaladze bildirib.
Tbilisi meri vurğulayıb ki, Gürcüstan heç bir yoldan sapmayıb: “Bizə barmaq göstərəcək ağa yox, dostlar lazımdır. Bu, bizim üçün işləməyəcək. Biz ölkəmizin maraqlarına xidmət edirik”.
Pavel Qerçinski bundan əvvəl jurnalistlərə söyləmişdi ki, Aİ gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrə qayıtmasına imkan verməməlidir.