BAKI, 24 aprel. TELEQRAF
Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mehriban Hacıyeva Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Mehriban xanım, kurikulum sistemi tətbiq olunmağa başlayanda ənənəvi sistem tərəfdarı olan müəllimlər, pedaqoqlar, hətta bəzi valideynlər narazılıq edirdilər. Kurikulum sistemi üzrə təhsil alan şagirdlər bu il ilk dəfə buraxılış imtahanı verdilər. Ötən dövrdə yığılan təcrübələr, nəticələr nəyi göstərir?
- Hər şeydən öncə vurğulayım ki, inkişaf elə bir prosesdir, ona heç bir şəkildə əngəl ola bilmərik. İstər cəmiyyət, istərsə də təhsil olsun, qlobal çərçivədə inkişaf varsa, bu, hər tərəfə sirayət edir və bütün sahələrdə özünü göstərir. Demək istəyirəm ki, biz inkişafı dayandıra bilmərik, sadəcə ona uyğunlaşa bilərik. Prosesi elə qurmalıyıq ki, inkişafın bir hissəsinə çevrilək.
Əgər dünya standartlarına cavab verən bir sistem qurmaq, qloballaşmaq və dünya bazarına çıxmaq hədəfimiz varsa, təqdim etdiyimiz məhsul - istər insan resursu, istərsə də digər vasitələr - müəyyən standartlara uyğun olmalıdır. Standartlara uyğunlaşmaq isə dəyişmək və inkişaf etmək deməkdir.
Müstəqil Azərbaycan vətəndaşları olaraq bilirik ki, dövlətimiz dünya siyasətində əhəmiyyətli rol oynayır. Bu mövqeyi qorumaq və gücləndirmək üçün ən başlıca missiya təhsilin üzərinə düşür. Təhsil dünya standartlarına cavab verməlidir ki, yetişdirdiyimiz vətəndaşlar da qlobal mühitə uyğunlaşa bilsin. Bu baxımdan kurikulum və müasir təlim metodlarına keçid zəruri idi.
Hər yenilik müəyyən çətinliklər və qurbanlar tələb edir. Təhsil isə nəticələrini ən gec göstərən sahələrdən biridir. Bu sahədə uğur qazanmaq üçün uzun illərin əməyi və sistemli fəaliyyət tələb olunur.
Artıq 10 ildən çoxdur, kurikulum sisteminə keçmişik. İlk dövrlərdə valideynlərin, şagirdlərin və ümumilikdə ictimaiyyətin müəyyən etimadsızlığı ilə üzləşdik. Bu, gözlənilən idi. Çünki radikal dəyişikliklər zamanı hər kəs bu prosesi dərhal qəbul edə bilmir, müxtəlif haqlı-haqsız arqumentlər irəli sürülür. Təbii ki, bu sistem təsadüfi şəkildə tətbiq olunmayıb, dünya təcrübəsinə əsaslanaraq hazırlanıb və Azərbaycan təhsil sisteminə, milli dəyərlərimizə uyğunlaşdırılıb.
Bu konsepsiyanın tətbiqi üçün dövlət tərəfindən kifayət qədər dəstək göstərilib. Hazırda proses davam edir. Müəllimlər mütəmadi olaraq təlimlərə cəlb olunur, sistemin özü də inkişaf edir, yenilənir və təkmilləşdirilir. Tətbiq və uyğunlaşma mərhələsində müəyyən nöqsanlar üzə çıxsa da, zamanla aparılan dəyişikliklər müsbət nəticələrini göstərməkdədir.
- Aydındır, zaman tələb olunur, hər halda ilkin nəticələr necədir, müsbətdirmi?
- Kurikulumun əsas konsepsiyası ondan ibarətdir ki, biz şagirdə öyrənməyi öyrədirik. Şagirdin analitik düşünməsi, təhlil aparması, ətraf mühiti dərk etməsi və təfəkkür bacarıqları inkişaf etdirilir. Şagird əzbərçilikdən uzaqlaşdırılaraq yaradıcı mövqeyə gətirilir; özü yaradır, özü sintez edir və özü mənimsəyir. Proses insanın özü tərəfindən icra olunduqda nəticə daha uzunmüddətli və qalıcı olur. Artıq qəbul və buraxılış imtahanları da bu mexanizm üzərində tənzimlənməkdədir.
Bu il buraxılış imtahanında Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən dəyişikliklər edildi və bu, birmənalı qarşılanmadı. Problem ondadır ki, xüsusilə 10-11-ci siniflərdə edilən dəyişiklər valideyn və şagirdlər tərəfindən tam qəbul olunmur. Çünki bu siniflərə şagirdlərin cəlb olunmasında ciddi problemlər mövcuddur və bu, cəmiyyətə də məlumdur. Biz qanunvericiliyin tələbləri çərçivəsində prosesi tənzimləyirik. Problemlər varmı? Bəli, var...
Əsas problemlərdən biri 10-11-ci siniflərdə davamiyyətin təmin edilməsidir. Bu istiqamətdə qarşılaşdığımız əsas çətinliklərdən biri valideynlərin düşüncəsində formalaşmış “məktəbdə dərs yoxdur” stereotipidir. Bu, cəmiyyətdə yaranmış və əsassız bir yanaşmadır.
Şagird dərsə gəlmədikdə, təbii ki, biz müvafiq tədbirlər görürük. Qayıb yazılır, aktlaşdırma həyata keçirilir, valideynlə mütəmadi əlaqə yaratmağa çalışırıq. Ancaq bəzən valideynlər bu ünsiyyətdən yayınırlar. Valideynlə əlaqə yaratdıqda və ona övladının təhsildən yayındığını, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və icra strukturlarına müraciət edilə biləcəyini bildirdikdə, tez-tez belə bir cavabla qarşılaşırıq: “Uşaq niyə gəlib məktəbdə vaxt itirməlidir? Məktəbdə dərs var ki?”
Övladını məktəbə göndərməyən bir valideynin bu cür qəti fikir bildirməsi özü də düşündürücüdür. Bu, artıq cəmiyyətdə formalaşmış kütlə psixologiyasıdır və bu stereotipi qırmaq müəyyən zaman tələb edəcək.

- Stereotiplərdən danışırıqsa, belə bir fikir də formalaşıb ki, orta məktəblər yalnız sənəd verməyə yarayır. Çünki repetitorluq fəaliyyəti ön plandadır. “Məktəb yalnız sənəd verməklə məşğul olacaqsa, uşaq niyə məktəbə getməlidir?” kimi yanaşmalar var. Siz bu problemi hiss etmirsiniz?..
- Məsələnin kökünə getsək, öncə 90-cı illərdə yaşadığımız keçid dövrünü diqqətə çıxarmalıyıq. Müstəqillik qazandıq, sovet imperiyasının tərkibindən çıxdıq, eyni zamanda müharibə dövründən adladıq. Əlbəttə, dəyişikliklər qaçılmaz idi. Bu dövrdə test sistemi quruldu, orta məktəblərdə müəyyən xaos yarandı. Ənənəvi təhsil modelindən uzaqlaşma baş verdi, dərsliklər kütləvi şəkildə dəyişdi, bu proses isə tam idarə olunmurdu.
Belə bir şəraitdə kütlə repetitorluğa üz tutdu və bu sistem kök saldı. Prinsipcə repetitorluq təzə kəşf olunmayıb, onun tarixi daha qədim dövrlərə gedib çıxır. Minilliklər əvvəl, sultanlar və xanlar dövründə də saraylarda dərs deyən müəllimlər olub, yüksək təbəqənin övladlarına fərdi şəkildə təhsil verilib. Yəni bu, cəmiyyətdə həmişə mövcud olmuş bir pedaqoji xidmət növüdür. Bundan yararlanmaq həm şagirdin, həm də valideynin hüququdur.
Bəs məktəb olaraq biz nə edə bilərik? Əsas məqsədimiz təhsili elə bir səviyyəyə çatdırmaqdır ki, Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış proqramları ilə Elm və Təhsil Nazirliyinin tədris planları, dərsin təşkili və məzmununa qoyulan tələblər üst-üstə düşsün.
Bu istiqamətdə artıq ciddi addımlar atılıb və müəyyən nəticələr əldə olunub. Bu il tətbiq olunan 11-ci sinif buraxılış imtahanının modeli və test tapşırıqları göstərir ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi eyni hədəfə yönəlib. Bu isə o deməkdir ki, məktəbdə öyrədilən bilik və bacarıqlar imtahanlarda tələb olunur. Bu, çox mühüm və uğurlu bir addımdır.
- Bəzən bunun əksi iddia edilir, imtahan suallarının tədrisin məzmumundan fərqli olduğu vurğulanır...
- Zamanında belə hallar olub. Bu da repetitorluğa təşviq edib. Hazırda isə iş bu fərqlərin aradan qaldırılması istiqamətində gedir. Eyni zamanda bir məsələ də var ki, bu gün birinci sinifdə kurikulumla başlayanlar artıq buraxılış imtahanı verirlər. Bu da o deməkdir ki, əsas tələblər onlara elə ilk gündən öyrədilməyə başlanıb.
Artıq regionlarda bir neçə ildir tətbiq olunan, 2025–2026-cı tədris ilindən isə Bakıda pilot layihə olaraq həyata keçirilən tam orta təmayülləşmə prosesi var. Bu layihə paytaxtda cəmi iki məktəbdə - 96 nömrəli tam orta məktəbdə və 239 nömrəli məktəbdə tətbiq olunur. Bu, ilkin ildir və layihə 10-11-ci sinifləri əhatə edir. Biz də bu təmayülün içindəyik. Burada şagirdlər öz ixtisas qrupları üzrə hazırlaşırlar. Həmin dərsləri tədris edən müəllimlər də yüksək nəticəli pedaqoqlardır.
Bəzi hallarda valideyn övladını yönləndirməyə çalışır və məktəbə qarşı hücum mövqeyində dayanır ki, rəhbərlik reaksiya verməsin. Bu yanaşmanın arxasında isə “məktəbdə dərs yoxdur” fikri dayanır. Bu, tamamilə yalandır, tək bizim məktəb üçün yox, ümumilikdə belə yanaşma yanlışdır. Valideynin “savadsız” deyə qiymətləndirdiyi müəllimin belə uşağa verə biləcəyi nəsə var.
- Valideynlərin repetitorluğa üstünlük verməsinin səbəbi bəlkə məktəbin bu sahədə uduzmasıdır?..
- Nəzərdən qaçırmayaq ki, repetitorlar da elə bu məktəblərdən çıxır... Sertifikasiyadan sonra müəllimlərin rifahının artırılması istiqamətində işlər görülüb. Sertifikasiyada yüksək nəticə göstərən, xüsusilə əlli baldan yuxarı toplayan müəllimlərin çoxu repetitor müəllimlərdir. Şagirdin gözləntiləri artdıqca müəllimin özünüinkişaf prosesi daha da sürətlənir. Müəllimlər yüksək bal toplamaqla bu problemlərin aradan qaldırılması istiqamətində çalışırlar.
Bununla yanaşı, müəllimlərin əməkhaqqı da yüksəlir. Hər kəs istəyir ki, iş vaxtı bitdikdən sonra şəxsi həyatına da vaxt ayıra bilsin. Heç bir repetitor müəllim bu xidməti tam könüllü şəkildə həyata keçirmir. Bu layihənin məqsədi keyfiyyətli təhsilin verilməsidir. Çünki layihəyə məhz repetitor fəaliyyəti ilə uzun illər məşğul olmuş və sertifikasiyada 50 baldan çox nəticə göstərən müəllimlər cəlb olunur.
- Bildirdiniz ki, kurikulum sistemi yaradıcı şagird formalaşdırır. DİM-in testləri buna cavab verirmi? Bu testlər adətən yaddaşı yoxlayır, sanki konsepsiya fərqlidir.
- Bu gün təqdim olunan test tapşırıqları şagirdin təfəkkürünün inkişafına, tənqidi düşünmə bacarıqlarına yönəlib. Bu da mövcud tələblərə cavab verən normativlər əsasında hazırlanır. Vaxtilə bu fərqlər olub, amma bu istiqamətdə xeyli iş aparılıb.
- Hazırda orta məktəbin hədəfləri təkcə yaxşı təhsil verməklə məhdudlaşmır. Əvvəllər pis oxuyan uşaqlara əhəmiyyətsiz yanaşılırdı. İndisə yaxşı vətəndaş yetişdirmək konsepsiyası qabardılır...
- Tamamilə doğrudur, məktəbin əsas funksiyası şəxsiyyət yetişdirməkdir. Məktəb yalnız ali təhsil üçün abituriyent və ya konkret kadr hazırlayan bir qurum deyil. Bizim əsas məqsədimiz məhz vətəndaş, şəxsiyyət formalaşdırmaqdır. Bu proses qanunlar və təlimatlarla tənzimlənsə də, eyni zamanda müəllimin və məktəb rəhbərinin kimliyindən, mənəviyyatından və təhsilə baxış prizmasından çox asılıdır.
Hər kəs pedaqoji təhsil ala, diplom əldə edə bilər, amma hər müəllimin daxilində sevginin, qayğının ifadə forması fərqlidir. Hazırda məktəbimiz inklüziv təhsil ocağı kimi fəaliyyət göstərir və artıq 3 ildir bu model tətbiq olunur. Bu istiqamətdə kifayət qədər uğurlu nəticələr əldə etmişik. Çünki müəllimlərimizdə şagirdlərə qarşı sevgi, tolerantlıq və dözümlülük var. İnklüziv təhsilə rəsmi olaraq cəlb olunan şagirdlərlə yanaşı, qeyri-rəsmi şəkildə sağlam kimi qeydiyyatdan keçmiş, amma tədris prosesində müəyyən çətinlikləri olan uşaqlarla da qarşılaşırıq. Bu uşaqlarda diqqət çatışmazlığı, hiperaktivlik, autizm spektri kimi xüsusiyyətlər müşahidə olunur.
Məlum olur ki, bu, təkcə bizim məktəbə aid deyil, bir çox təhsil müəssisələrində oxşar hallar var.
Bəzi valideynlər müxtəlif səbəblərdən uşağın vəziyyətini qəbul etmir və onu sağlam kimi qeydiyyatdan keçirirlər. Biz isə buna qarşı tolerant yanaşırıq, həmin uşaqları da təhsil prosesinə cəlb edirik. İnklüziv təhsilin əsas hədəfi uşağa həyatda qalmaq, müstəqil olmaq, gündəlik həyat bacarıqlarını qazanmaq imkanı yaratmaqdır. Burada akademik nəticələrdən daha çox sosial və ictimai bacarıqların mənimsənilməsinə üstünlük verilir.

- İnklüziv təhsilin mexanizmi barədə danışmağınızı istərdik. Bu mexanizmin əsas xüsusiyyətləri nələrdir?
- İnklüziv təhsildə sağlamlıq probelmli şagirdlər sağlam sinif yoldaşları ilə birlikdə təhsil alırlar. Əvvəlki proqramlarda müəyyən saatlardan sonra bu uşaqlar dərsdən kənarlaşdırılırdı. Hazırda tələb ondan ibarətdir ki, həmin şagirdlər dərsin sonuna qədər sinifdə qalsın, tədris prosesində aktiv iştirak etsinlər.
Onlar üçün məktəblərə xüsusi korreksiya pedaqoqları təyin olunur. Bu pedaqoqlar şagirdlərin fəaliyyətinə nəzarət edir və onların inkişafını dəstəkləyir. Təhsil sisteminin əsas məqsədi bu uşaqlarda sosial bacarıqları formalaşdırmaqdır. Sağlam şagirdlərlə birgə təhsil zamanı onlar ictimai davranış qaydalarını öyrənir, ünsiyyət bacarıqları qazanırlar.
Ən çox müşahidə etdiyimiz məqamlardan biri də şagirdlər arasında formalaşan münasibətlərdir. Məsələn, yaxın zamanda birinci sinif inklüziv sinifdə dərsi izləyərkən gördüm ki, inklüziv şagirdin parta yoldaşı onun dəftərini açır, qələmini hazırlayır, çantasını düzəldir. Bu, uşaqların bir-birinə böyük qayğı ilə yanaşdığını göstərir və artıq onlarda yüksək tolerantlıq formalaşır.
İlk dövrlərdə layihə tətbiq olunmağa başlayanda bəzi valideynlər tərəfindən müəyyən narahatlıqlar və təzyiqlər olurdu. Bu istiqamətdə həm məktəb rəhbərliyinin, həm də müəllimlərin üzərinə böyük məsuliyyət düşür valideynlərlə düzgün işləmək, onların yanaşmasını dəyişmək vacibdir. Çünki heç kim belə hallardan sığortalanmayıb və cəmiyyətdə bir çox problemlərin kökündə mərhəmətsizlik dayanır.
Mərhəmət hissini uşaqlarda formalaşdırmağın ən təsirli yollarından biri məhz inklüziv təhsildir. Bu sistem təkcə inklüziv şagirdlər üçün deyil, sağlam uşaqlar üçün də böyük üstünlüklər yaradır. Onlar kiçik yaşlardan paylaşmağı, kömək etməyi öyrənirlər.
- Sovet dövrünü təmizə çıxarmadan etiraf edək ki, o zaman bütün qurumlarda bu və ya digər dərəcədə rüşvət vardı, bunu heç kim dana bilməz, təkcə orta məktəblərdən savayı. Şagird-müəllim-valideyn üçbucağında heç bir halda qəpik də pul dövr eləmirdi. Fond pulu, süpürgə pulu, hədiyyə pulu – bunlar məktəbə necə ayaq açdı?
- Bunu mən deməyim, ərazidə bir-iki nəfərə yaxınlaşıb soruşun ki, 96 nömrəli məktəbdə pul söhbəti varmı? Bizim məktəbdə kökündən yoxdur... Heç kim fond pulu adı çəkilə bilməz. Ola bilsin, gizlində kiçik hansısa proses cərəyan etsin. Çünki nəzarət mexanizmini tam qurmaq bu gün üçün müşkül məsələdir. Amma bu məktəbdə bir müəllimin şagirddən pul tələb etməsi qeyri-mümkün bir şeydir. Onu da deyim ki, əgər insan qeyri-qanuni işlərə gedə biləcək biridirsə, hansı qurumda çalışmasından asılı olmayaraq, neqativ hallara yol verməsi qaçılmazdır.
Bu, insanın şəxsi etikası və keyfiyyətlərindən irəli gələn məsələdir. İstər müəllim, istər idarəçi olsun, hər kəsin davranışı onun daxili dəyərləri ilə bağlıdır. Orada könül toxluğu, böyüklük, qanunlara bağlılıq, işinə və cəmiyyətə sevgi olmalıdır. Pulun ön planda olduğu yerdə təmiz, saf tərbiyədən, yüksək dəyərlərin uşaqlara aşılanmasından danışmaq mümkün deyil.
Əgər valideyn düşünsə ki, bu məktəbdə pul qarşılığında qiymət, münasibət və ya üstünlük əldə olunur, o zaman orada keyfiyyətli təhsil sistemi qurmaq mümkün olmaz. Etimad və qarşılıqlı güvən olmayan yerdə nə keyfiyyətli şagird yetişdirmək, nə də sağlam əməkdaşlıq yaratmaq olar. Ən böyük amil insandır. Hesabatlılıq düzgün qurularsa, bu hallar aradan qalxar. Necə ki bizdə aradan qalxıb. Bu məktəbdən son 5 il ərzində korrupsiya ilə bağlı hər hansı şikayət daxil olmayıb. Valideynlərin də belə ittihamı ilə rastlaşmamışam.

- Amma nazir bildirmişdi ki, orta məktəblərə ianə etmək olar...
- "Təhsil haqqında" qanunda da göstərilir ki, məktəbin maddi-texniki bazası şagird istifadəsində olmadığı müddətlərdə, təhsil prosesi getmədiyi vaxtlarda onun akt zalı, idman salonu pullu fəaliyyət göstərə bilər. Əlavə dərnəklər ödənişli xidmət qarşılığında, valideynin seçimindən asılı olaraq təşkil olunur və bu fəaliyyətlər tənzimlənir.
Məktəbin ayrıca büdcəsi yaradıla bilər, hələlik bu da yoxdur. Publik hüquqi şəxs bütün nəzərdə tutulan tələblərlə tam fəaliyyətə başlayandan sonra həmin büdcə sistemi formalaşacaq. Bu, hər zaman olub. Təhsilə sərmayə ayıran səxavətli şəxslər olub. Bu, könüldən gələn bir işdir. Əgər valideyn könüllü olaraq məktəbə dəstək göstərirsə, bu, xalq təşəbbüsüdür. Bunun qanun çərçivəsində nizamlanıb büdcəyə çevrilməsi hallandırılası bir məsələ deyil.
Əsas odur ki, hesabatlılıq təmin olunsun və xərclər qanun çərçivəsində müəyyənləşdirilsin. Zamanla publik hüquqi şəxslər tam formalaşdıqdan sonra bu sistem hər bir məktəbdə tətbiq olunacaq.
- Bakının məşhur liseyində baş verən hadisə, eləcə də son günlər Türkiyə məktəblərindəki cinayət olayları bir sualı aktuallaşdırıb: orta məktəblərdə nə dəyişib, bu hadisələr niyə baş verir?
- “Nə dəyişib” deməyək, informasiya əlçatanlığı artıb deyək. Mən orta məktəbdə təhsil alanda məktəbimizin direktoru şagird tərəfindən tüfənglə güllələnərək öldürülmüşdü. 1991–1992-ci illərdən danışıram. İndi informasiyanın sayı və sürəti artıb. Vəhşi psixologiya isə cəmiyyətdə hər zaman olub. Yarımçıq ailələrə, psixoloji problemli insanlara, düzgün tərbiyə almamış şagirdlərə hər zaman rast gəlinib.
Fikrimcə, bu gün artım dinamikası informasiya axınının həddindən artıq əlçatan olmasından qaynaqlanır. Biz bu günkü informasiya axını fonunda uşaq beynində filtrasiya məsələsini birbaşa maarifləndirmə ilə həll etməliyik. Ola bilsin, maarifləndirmə işimiz zəifdir. Bu gün şagirdlərlə həddindən artıq demokratik yanaşma tətbiq olunur. Məncə, qaydalar daha sərt olmalıdır. Çox humanizm bəzən özbaşınalığa gətirib çıxarır.
Hər valideyn övladına göstərilən tolerantlığı düzgün qiymətləndirə biləcək potensiala malikdirmi? Bəzən valideynlər elə düşünür ki, təhsil sistemi onlardan qorxur. Bizim həyata keçirdiyimiz humanist yanaşma uşağın hüquqlarının müdafiəsinə yönələn cəhdlərdir, amma bəzən valideyn tərəfindən bizim qorxmağımız kimi qiymətləndirilir. Bu da müəllim nüfuzunun aşağı düşməsinə səbəb olur. Qaydalar cəmiyyətin idarə olunması üçündür.
- Müəllimin şagirdlə davranışında da ciddi dəyişiklik var - o, uşağa irad bildirə bilməz, yoxsa videosu yayılar... Sizcə, indiki şəraitdə müəllim şagirdlə necə davranmalıdır?
- Əvvəla bir məqamı qeyd edim ki, jurnalistlər bizi hədəfə alan ən əsas instansiyalardandı. Kimin tanış jurnalisti varsa, “müəllim uşağımın üstünə qışqırdı, jurnalist qohumum var” deyir... Bu probllemin diaqnostikasında mütləq gəlib ailənin üzərinə dayanırıq. Məktəbin, müəllimin qura biləcəyi mexanizmlər məhduddur.
Bir fərdin dünyaya gəlməsində əsas işi genlər görür. Sonra ən vacib sosial mühit ailədir. Uşağın beş yaşına qədər formalaşdığı sosial mühit ailədir. Təhsil beş yaşından başlayır, uşaq bizə gəlib çatanda artıq sosial və psixoloji vərdişlərə sahib olur. Bundan sonra şagird məktəbin və ailənindir. Bugünkü sürətli həyat keşməkeşində valideynin övlad üzərində nəzarəti itib.
Bu gün bizim nəzarət mexanizmlərimiz gücləndikcə, valideynin nəzarət mexanizmi əksinə zəifləyir və itir. Beləlikə, arada uçurum yaranır. Şagird məktəbdəki qorunduğu mühitdən çıxıb ailədə azad mühitə keçir və məktəbdə qadağan olunmuşları kənarda büsbütün tətbiq etməyə çalışır. Bu zaman həqiqi uçurum meydana çıxır. Ona görə məktəb-valideyn əməkdaşlığı çox vacib nüansdır. Hesab edirəm ki, cəmiyyət olaraq ən böyük ehtiyacımız valideynin övladı ilə maraqlanmasıdır. Bu, bir çox şeyi aradan qaldırar. Müəllimin nüfuzunu da, valideynin qaydalara hörmətini də artırar.
Valideyn hörmət etmədiyi heç bir şey övlad tərəfindən hörmət görə bilməz. Əgər valideyn evdə uşağının yanında müəllimi doğru olmayan ifadələrlə tənqid edirsə, şagird o müəllimə hörmətsiz davranmalıdır. Bu gün uşağın gözündə müəllim ideal obraz deyil.
Biz ağzımızı aça bilmirik. "Uşağım intihar edəcək" deyən valideynlərin əksinə, onun övladı heç intiharın nə olduğunu anlamır. Bu, valideynin məktəb üzərində qurduğu təzyiq mexanizmidir. Dünyada isə fərqli təcrübələr hələ də qüvvədədir. Məsələn, İngiltərədə xüsusi rejimli, uşaqları cəza mexanizmi ilə tərbiyə edən məktəblər bu gün də fəaliyyət göstərir. İngiltərənin bir neçə baş nazirləri o məktəbdə yetişib...
- Yeri gəlmişkən, hazırda orta məktəblərdə hər hansı cəza sistemi tətbiq olunurmu?
- "Şagirdin davranış qaydaları" adlı çərçivə sənədi var. Bu qaydalar pilot məktəblərdə tətbiq olundu və sınaqdan keçirildi. Çərçivə sənədinin hazırlanmasında və müzakirəsində mən də iştirak etmişəm. Bu tədris ilindən etibarən hər bir təhsil müəssisəsində tətbiq olunur. Şagirdin edə biləcəyi və edə bilməyəcəyi hər detal sənəddə öz əksini tapıb. Yol verilən intizamsızlığın dərəcəsindən asılı olaraq birinci, ikinci və üçüncü meyar müəyyənləşdirilib, bunların qarşılığında şagirdə yaşıl, sarı və qırmızı kartlar təqdim oluna bilər.
Biz hələlik sarı və qırmızı kartların verilməsini saxladıq. Sırf yaşıl kart – rəğbətləndirmə kartı ilə başladıq. Baxdıq ki, bu mexanizm işləmədi. Bu ildən həmin sənəddə dəyişiklik olaraq bütün məktəblərdə tətbiq olunur.
- Kartların praktik əhəmiyyəti nədir?
- Kartlar şagirdin şəxsi işinə əlavə olunur. Bu da onun reputasiyasına təsir edir. Həmçinin məktəbdən verilən xasiyyətnamələrdə – istər hərbi komissarlıq, istər ali və ya orta ixtisas təhsili üçün təqdim olunan sənədlərdə – şagirdin davranışı qeyd olunur. Orada neçə dəfə sarı və ya qırmızı kart aldığı da göstərilir. Bunlar özünə və reputasiyasına dəyər verən hər bir məzun üçün əhəmiyyətlidir.
- Məktəblərin hüquq-mühafizə orqanları ilə mühafizəsi istiqamətində təşəbbüs vardı. Bu, hətta DİN tərəfindən 2 məktəbdə də tətbiq olundu. Doğrudanmı məktəbi "alınmaz qala"ya çevirmək zərurəti yaranıb? Kənardan məktəbə təhlükə olduğunu düşünürsünüz?
- Kənardan təhlükə hər zaman var. Burada uşaqların həyatı bizə əmanətdir. Əslində, mexanizmi bilən üçün məsələ aydındır. Biz bir orta təhsil müəssisəsi olaraq qapıya nəzarətçi qoyuruq. Bu gün bu, rəsmi ştat olmadığına görə texniki işçilərin hesabına həyata keçirilir.
Amma onlar nə dərəcədə fövqəladə vəziyyətlər üçün təlim keçiblər, nə qədər peşəkardırlar - bu, sual altındadır. Mühafizənin peşəkarlar tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur. Əslində məqsəd məktəbi qalaya çevirmək yox, qorunma mexanizmini düzgün qurmaq və effektiv idarə etməkdir.
- Mehriban xanım, 12 illik təhsil sisteminə keçidlə bağlı müzakirələr aparılır. Siz bu dəyişiklik barədə necə düşünürsünüz? Bu modelin şagirdlər üçün əsas üstünlükləri nələr ola və ümumilikdə təhsil sisteminə hansı müsbət təsirləri verə bilər?
- Məlum olduğu ki, ölkəmizdə tədris 5 yaşdan başlanır. Təhsilin 12 illik sistemə keçirilməsi tədris yükünün azaldılmasına xidmət edir. Bu, dünya təcrübəsində də mövcuddur və biz də bunu tətbiq etmək istəyirik. Dünyada 11 illik, 12 illik, hətta 13 illik təhsil sistemləri də var. Bu yanaşma əsasən tədris yükünün azalmasını nəzərdə tutur. Məsələn, Azərbaycandakı 11 illik proqramın 12 ilə bölünməsi illik və gündəlik yükün azalmasına gətirəcək.
Amma bəzi valideynlər üçün bu, narazılıq doğura bilər. Çünki bir tərəfdən orta məktəb prosesi onsuz da uzun hesab olunur. Digər tərəfdən, peşəkar kadr kimi formalaşma daha çox universitet mərhələsində baş verir və məktəbdə həyat və kommunikasiya bacarıqları kifayət qədər öyrədilmir.
Valideyn prizmasından yanaşdıqda, bu, gənclərin həyata daha gec başlaması kimi də qiymətləndirilə bilər. Bu baxımdan narahatlıqları anlamaq mümkündür.
- Bəzən müəllimlər tədris prosesində yükün çox olması ilə bağlı narazılıq edirlər...
- Müəllimlərin üzərinə düşən yük məsələsində ənənəvi yanaşma artıq yoxdur, sistem daha çox rəqəmsallaşıb. Məktəblərdə elektron jurnallar və rəqəmsal platformalar fəaliyyət göstərir, buna görə də əlavə, kağız üzərində inzibati yük demək olar ki, aradan qaldırılıb. Müəllimlərin narazılığının əsas səbəblərindən biri ondan ibarətdir ki, biz hazırda bir neçə nəsil pedaqoji heyətlə eyni vaxtda çalışırıq: yaşlı, orta və gənc nəsil. İKT bacarıqları isə bu nəsillər arasında eyni səviyyədə deyil. Rəqəmsal resurslar artıq dərs prosesinin bir hissəsinə çevrilib və müəllimlər bu resurslardan istifadə edirlər.
Amma bu resurslardan səmərəli istifadə özü ayrıca bacarıq tələb edir. Hər bir müəllim İKT bacarıqları baxımından eyni səviyyədə güclü deyil. Bu bacarıqlar çatışmadıqda isə proses onlara əlavə yük kimi görünə bilər. Əslində bu, daha çox peşəkar inkişafla bağlı məsələdir. Özünü inkişaf etdirməyi bacaran müəllim üçün bu, əlavə yük yox, tədrisin ayrılmaz və sabit bir hissəsidir.
- İndiki məktəb mühitini mürəkkəbləşdirən amillərdən biri də cinslərarası münasibətdir. Bu barədə nə deyərsiz? Bədii əsərlərdə, tutalım, Məhəmməd Füzulinin "Leyli və Məcnun"unda böyük sevgi hekayətləri məhz məktəbdə başlayır...
- Bizim vaxtilə müşahidə etdiyimiz sevgilər daha çox müqəddəs hesab edilən münasibətlər idi. İndi uşaqların sevgi anlayışı fərqlidir. Çılpaqlıq, informasiyanın əlçatanlığı, qeyri-əxlaqi videolar və görüntülər uşağın sevgi və cins anlayışını dəyişdirib. Hazırda uşaqlarda cinsi inkişaf daha erkən başlayır və onlar bu mərhələni daha tez keçir. Digər tərəfdən, bu, psixoloji yetkinləşmə prosesi ilə bağlıdır.
Məktəb psixologiyasında bunların hamısı nəzərə alınır. Erkən yetkinlik dövrü olan uşaqlara fərqli yanaşmalar tətbiq edilir. Problemli ailələrdən gələn uşaqlarda, kommunikasiya problemi yaşayan şagirdlərdə bütün bunlar diqqətlə qiymətləndirilir. Hər bir əlamətə həssas yanaşırıq.
Ailədən qaynaqlanan problemlər, düzgün olmayan münasibətlər – xüsusilə boşanmış və ya ikinci dəfə ailə quran ailələrdə mənfi hallara daha çox rast gəlinir. Hesab edirəm ki, ailələrdən gələn problemlərin üzərində daha təkidlə dayanmalıyıq – bu, çox vacib məqamdır. Hər şeyi məktəbə yükləməklə ailəni məsuliyyətindən azad etmək olmaz. Hər kəs öz işini görməlidir. Fikrimcə, məktəb də, dövlət də öz vəzifəsini yerinə yetirir. Bu gün işləri yarımçıq qalan yeganə qurum ailədir...
