BAKI, 18 fevral. TELEQRAF

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dünənki mətbuat konfransı Münxen Təhlükəsizlik Konfransı ilə bağlı idi.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib.

Onun fikrincə, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Münxendəki çıxışı Köçəryanın rəhbərliyi altında Rusiya siyasəti və Ermənistanın vassallaşmasının əsas dəstəkçisi olanların hamısında böyük ümidlər yaradıb:

“Münxendə Vensin çıxışından sonra xəbər aldıq ki, Köçəryan mətbuat konfransı keçirəcək. Xəbər gələndə oradaydım, Avropa rəsmiləri arasında hansı reaksiyaların olduğunu gördüm.

Köçəryanın mətbuat konfransı keçirməsi hamımız üçün utancvericidir. Çünki onun dövlət və dövlətçiliyə xəyanətinin inkaredilməz sübutları ortaya qoyulub. Bunları inkar edə bilməz”.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens konfransda çıxışında söyləmişdi ki, Avropa liderləri öz vətəndaşlarını “öyrədilmiş heyvanlar” kimi heçə sayırlar, seçiciləri dinləmirlər, seçkiləri hansısa yolla saxtalaşdırırlar.

Vensin fikrincə, Avropa İttifaqı (Aİ) üçün təhlükə yaradan Rusiya və ya Çin yox, Avropanın özüdür. ABŞ rəsmisi çıxışının Ukrayna ilə bağlı hissəsində Rusiyanın maraqlarına uyğun gələn fikirlərlə də diqqət çəkmişdi.