TBİLİSİ. 18 fevral. TELEQRAF
Bidzina İvanişvili olmasaydı, Gürcüstan və gürcü xalqı bu gün Ukrayna və onun xalqının hazırkı vəziyyətindən daha pis vəziyyətdə olardı.
Teleqraf xəbər verir ki, bu sözlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə ünvanladığı doğum günü təbrikində yer alıb.
Onun sözlərinə görə, B.İvanişvili Gürcüstanda çatışmayanı - səbirlə dövlət işini görmək mədəniyyətini yaradıb.
“Lüzumsuz emosiyalar və səbirsizlik ölkəmizə bir neçə müharibə, doqquz illik xarici agentin avtoritar idarəçiliyi və ağır iqtisadi geriləmə bahasına başa gəlib. Bidzina İvanişvilinin rəhbərliyi ilə ölkə ən çətin sınaqlardan uğurla çıxıb, on iki il ərzində davamlı sülh qorunub saxlanılıb, sürətli iqtisadi tərəqqiyə nail olunub”.
Baş nazir B.İvanişviliyə Gürcüstan və dövlətçiliyin möhkəmləndirilməsi üçün gördüyü bütün böyük işlərə görə təşəkkür edib.
Qeyd edək ki, Gürcüstanın ən zəngin vətəndaşı B.İvanişvili 69 yaşını qeyd edir. O, 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. 2013-cü ildə siyasətdən gedib, lakin 2018-ci ildə yenidən siyasətə qayıdıb və həmin ilin mayından hakim “Gürcü Arzusu” partiyasına rəhbərlik edib. Daha sonra siyasəti və partiya rəhbərliyini tərk edib. 2023-cü ilin dekabrında siyasətə dönüşünü elan edib və hakim partiyanın fəxri sədri seçilib.