BAKI, 17 fevral. TELEQRAF
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiya xüsusi xidmət orqanlarına işləyir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan deyib.
“Köçəryan söyləyir ki, Ermənistan Rusiyaya xəyanət edib və Rusiyanın düşmənlərinin tərəfinə keçib və buna görə də Rusiya Qarabağda müharibəyə müdaxilə etməyib. Bu, Ermənistanın keçmiş prezidentinin yox, xidmət etdiyi ağalara hər cür bəraət qazandırmağa çalışan Rusiya xüsusi xidmət orqanlarının agentinin sözləridir”, - deputat bildirib.
Ermənistan Baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan da bu sözlərinə görə Köçəryanı satqınlıqda ittiham edib:
“Ermənistana periferik əyalət kimi baxan Köçəryanın son məqsədi Ermənistanı (Rusiyaya) nimçədə təqdim etməkdir. Bunu etməyə çalışır”.
Politoloq Robert Qevondyan Köçəryanın özünü Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin kimi apardığını söyləyib. Ekspert sabiq prezidentlə səfirin yerini dəyişdirməyi təklif edib.