TBİLİSİ, 14 FEVRAL. TELEQRAF
Gürcüstanda həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisi şəhəri, Ozurgeti və Ureki rayonlarında “oğru dünyası” ilə əlaqəsi olan beş nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxslər “oğru dünyası”nın fəaliyyətində iştirak ediblər və “qanuni oğru”ların tapşırıqlarını yerinə yetiriblər. Saxlanılanların üzərilərində və yaşadıqları evlərə keçirilmiş baxış zamanı mobil telefonlar və narkotik vasitələr maddi sübut kimi müsadirə olunub.
Faktlarla bağlı istintaq davam etdirilir. Saxlanılan şəxsləri 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Xatırladaq ki, fevralın 7-də Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 26 nəfər saxlanılmışdı.