TBİLİSİ, 14 FEVRAL. TELEQRAF

“Gürcüstanın çox ciddi çağırışları var və hakimiyyət Avopa İttifaqı institutlarından və Brüsseldən xoş sözlər eşitmək üçün ölkəni qurban verə bilməz”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.

O qeyd edib ki, Gürcüstan öz maraqlarını müdafiə etməlidir.

“Bu gün Ukrayna ətrafında baş verənlər biz ölkəmizin qayğısına niyə qalmalıyıq sualına yaxşı cavab verir. İlk növbədə, başlanğıc nöqtəsi Avropa Parlamentinin hər hansı bir deputatının qətnamədə nə yazacağı deyil, ölkəmizin gələcəyi olmalıdır”, - nazir söyləyib.

XİN başçısının sözlərinə görə, Avropa Parlamentinin ötən gün Gürcüstanla bağlı qəbul etdiyi qətnamə sağlam düşüncə, demokratiya və Avropa dəyərlərindən uzaqdır.

“Bir tərəfdən söz azadlığından danışan Avropa İttifaqı qurumu media nümayəndəsinə sanksiya tətbiqini tələb edir. Bu absurddur. Bu barədə necə ciddi şərh vermək olar və ya biz bunu necə ciddiyə ala bilərik?” - M.Boçorişvili əlavə edib.