TBİLİSİ, 14 FEVRAL. TELEQRAF

“ABŞ-nin yeni administrasiyasının atdığı addımlara əsasən, biz münasibətlərimizdə mövcud olmuş çağırışların daha az olacağını və hətta aradan qalxacağını gözləyirik”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalının “İmedi Live” proqramında deyib.

O bildirib ki, Gürcüstan vicdanlı tərəfdaşdır və tərəfdaşlarla münasibətlərdə onların əsaslandığı prinsiplərə xəyanət etməyib.

“Bu, həmçinin Avropa İttifaqı, Avropa və ABŞ ilə münasibətlərə da aiddir. Əməkdaşlıq və tərəfdaşlıq yalnız tərəfdaşa qarşı hansısa cəza üsullarından istifadə etməkdən ibarət olsa, strateji ola bilməz”, - XİN başçısı qeyd edib.

M.Boçorişvili əlavə edib ki, ABŞ və Gürcüstan arasında münasibətlər həqiqətən tərəfdaşlıq təməlinə söykənərsə, strateji tərəfdaşlığı hər iki ölkənin maraqlarına uyğun inkişaf etdirmək üçün çoxlu imkanlar olacaq.

Xatırladaq ki, ABŞ-nin əvvəlki hakimiyyəti ötən ilin noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.