BİLƏSUVAR, 26 iyun. TELEQRAF

Bir zamanlar sadəcə hobbidən ibarət olan maraq bu gün artıq Biləsuvarda nadir quşlarla dolu unikal bir təsərrüfata çevrilib. Texnologiya və təbiət sevgisinin necə uğurlu bir biznesə çevrilə biləcəyini sübut edən bu təsərrüfatda hər şey ev şəraitində qurulub.

Qırqovul, tovuzquşu, kaliforniya bildirçini… İlk baxışda zooparkı xatırladan bu yer, əslində Rafiq Muradovun illərlə zəhmətlə yaratdığı dekorativ quş təsərrüfatıdır. Burada hətta nadir hesab olunan, qiyməti 1000 manatdan yuxarı olan Nepal qırqovulu kimi quşlar da saxlanılır.

Rafiq Muradov deyir ki, bu işə 8 il əvvəl sadəcə maraqla başlayıb: “Uşaqlıqdan quşlara marağım var idi. Zamanla məşğul olduqca həvəsim daha da artdı. Həm insanı sakitləşdirir, həm də hər quşun özünəməxsus xüsusiyyəti var. Təsərrüfatı genişləndirdikcə gördüm ki, bir çox quş növü xaricdən gətirilir".

Təsərrüfatda saxlanılan quşların əksəriyyəti xüsusi şəraitdə artırılır. Bəzi növlər və damazlıq yumurtalar birbaşa xaricdən gətirilir. Mövsüm ərzində əldə olunan balalar və yumurtalar isə satışa çıxarılır. Quşların qiyməti növündən asılı olaraq 200-300 manatdan başlayaraq 2000 manata qədər yüksəlir. Yumurtaların bir ədədi isə 10 manata satılır.

Satışın ən maraqlı tərəfi isə budur ki, bütün proses internet üzərindən həyata keçirilir. Rafiq Muradov müştərilərlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır, fotolar və videolar paylaşaraq sifariş qəbul edir. O bildirir ki, “TikTok, Instagram, Facebook səhifələrim var. Azərbaycanda artıq məni tanıyırlar. WhatsApp qruplarında sifarişlər gəlir. Əsas sifarişlər Özbəkistan, Gürcüstan, Rusiya, Türkiyə və Belarusiyadan olur. Son vaxtlar Qırğızıstan və Qazaxıstandan da çox sifariş gəlir. Ən çox isə Özbəkistandan alırlar.”

Təsərrüfat təkcə gəlir mənbəyi deyil, həm də Biləsuvarda uşaqların və yerli sakinlərin maraqla ziyarət etdiyi bir məkana çevrilib. Yaşıl qəfəslər, nadir quşlar və sakitlik dolu atmosfer bu yeri fərqləndirir.

Rafiq Muradovun fəaliyyəti göstərir ki, texnologiya, təbiət sevgisi və əzmkarlıq bir araya gələndə kənd təsərrüfatı sahəsində də fərqli və uğurlu yol seçmək mümkün olur.