ASTARA, 21 iyun. TELEQRAF
Astaranın Əlişa qalasında aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid unikal hovuz kompleksi aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən 2025-ci il iyunun 2-dən etibarən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan tədqiqatlar nəticəsində mühüm elmi əhəmiyyət daşıyan memarlıq nümunəsi üzə çıxarılıb.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev Teleqraf‑a bildirib ki, qazıntılar zamanı yoncavari – dördyarpaqlı forma ilə inşa olunmuş daş hovuz kompleksi aşkarlanıb. Onun sözlərinə görə, bu memarlıq forması Azərbaycanda ilk dəfə sənədləşdirilmiş su sistemi kimi qiymətləndirilir.
“Lotos çiçəyi formasını xatırladan hovuzun diametri təxminən 1,5 metrdir. Kompleksə daimi su axını təmin edən daş arxlar və döşəməsi daş plitələrlə örtülmüş əlavə tikililər daxildir. Əldə olunan saxsı nümunələr və tikinti texnikasına əsaslanaraq, bu hovuzun eramızdan əvvəl I əsr – eramızın III əsrinə aid olduğu ehtimal olunur. Struktura bitişik divar qalıqları və ərazinin relyefi bu hovuzun qala daxilində yerləşən ritual və ya ictimai təyinatlı su qurğusu olduğunu deməyə əsas verir”, – deyə M.Mustafayev vurğulayıb.
Qeyd edək ki, bu cür hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınıb. İlk dəfə olaraq Azərbaycan ərazisində belə strukturun aşkarlanması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin öyrənilməsi baxımından mühüm elmi yenilik hesab olunur.
Hazırda Əlişa qalasında arxeoloji qazıntılar davam etdirilir.