CƏLİLABAD, 3 iyun. TELEQRAF

Cəlilabad rayonunun bir neçə kəndində noxud sahələri kütləvi şəkildə məhv olub.

Teleqraf-ın yerli bürosuna fermerlerin verdiyi məlumata görə, əkin zamanı bütün aqrotexniki qaydalara əməl olunsa da, 3-4 gün ərzində noxud sahələrində qəfil kütləvi şəkildə solma müşahidə olunub.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) Bitkiçilik Sektoru müdiri Hafis Kərimov məsələ ilə bağlı bunları deyib: "Yaranmış vəziyyət yaz mövsümündə havaların həddindən artıq rütubətli keçməsi ilə əlaqəlidir. Yazın əvvəlində qeyri-sabit və rütubətli hava torpaqda xəstəliklərin inkişafına səbəb olub. Hazırda məhv olan noxud sahələri 600-700 hektara yaxındır".

Xatırladaq ki, keçən il Cəlilabadda noxud əkilmiş 7 min hektara yaxın sahədən 6800 tondan artıq məhsul əldə olunmuşdu. Bu da təxminən 700 ton noxudun məhv olduğunu göstərir. Hazırda noxudun bazar qiymətinin 5 manat olduğu nəzərə alınarsa dəymiş ziyanın təxminən 35 milyon manat həcmində qiymətləndirilir.