BAKI, 8 sentyabr. TELEQRAF
Bosniya serblərinin keçmiş ordu komandanı general Ratko Mladiçin dövlət səviyyəsində dəfn mərasimi Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivlərinə mənfi təsir göstərə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
Mladiçin Serbiyada dəfninin dövlət səviyyəsində təşkili Brüsselin qınağına səbəb olub. Nəşr bildirib ki, Serbiya hakimiyyəti dəfnin təşkilinə aidiyyəti olmadığını bəyan edib. Amma Mladiçin cənazəsi Belqrada hökumət təyyarəsi ilə gətirilib, tabutu isə serb hərbçiləri müşayiət edib. Dəfnlə bağlı dini mərasimi isə Serbiya patriarxı Porfiri aparıb. Nəşr onu “Serbiya Prezidenti Aleksandar Vuçiçin yaxın silahdaşı” adlandırıb. Mərasimdə müdafiə naziri Bratislav Qaşiç və ədliyyə naziri Nenad Vujiç də daxil olmaqla, yüksək vəzifəli ölkə rəsmiləri iştirak edib.
Ratko Mladiç avqustun 27-də Haaqa həbsxanasında 84 yaşında vəfat edib. Generalın cənazəsi sentyabrın 3-də Belqrada gətirilib. Mladiçin oğlu Darko atasının Haaqada həbsdə olduğu müddətdə lazımi tibbi yardım göstərilməməsi və güclü təsirli dərmanlardan istifadə edilməsi səbəbindən faktiki olaraq öldürüldüyünü düşünür.
Qeyd edək ki, “Bosniya qəssabı” ləqəbli Mladiç Bosniya müharibəsi (1992-1995) zamanı separatçı serb ordusunun - VRS-in Baş Qərargah rəisi və əsas hərbi komandanı olub. O, bu vəzifədə 1992-ci ildən 1996-cı ilə qədər fəaliyyət göstərib. Xüsusilə Srebrenitsa soyqırımı, Sarayevonun uzunmüddətli mühasirəsi və Bosniya müharibəsi zamanı serb qüvvələrinin həyata keçirdiyi digər ağır cinayətlərin iştirakçısı olub.
1995-ci ilin iyulunda separatçı serb qüvvələri Srebrenitsanı ələ keçirdikdən sonra minlərlə bosniyalı müsəlman öldürülüb, çoxlu sayda insan köçə məcbur edilib. Beynəlxalq Cinayətlər Məhkəməsi Mladiçi bu hadisələrdəki məsuliyyətinə görə soyqırımında təqsirli bilib.
Ratko Mladiç uzun illər gizlənsə də, 2011-ci ildə Serbiyada həbs olunub və Beynəlxalq Cinayətlər Tribunalına təhvil verilib.
2017-ci ildə Haaqa Tribunalı onu soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanunlarının və adətlərinin pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.