BAKI, 22 oktyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) diplomatları və rəsmiləri hələ də Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqlarında Brüsseli kimin təmsil edəcəyi barədə razılığa gələ bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məsələ ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya üçtərəfli görüş (Rusiya-Çin-ABŞ) təklif etmək məqsədilə səfərindən sonra aktuallaşıb.

Çexiya Prezidenti Petr Pavel bildirib ki, Putin Aİ-ni nüfuzlu tərəf kimi qəbul etmir və Ursula fon der Leyen, Kaya Kallas və Emmanuel Makron da daxil olmaqla, digər Avropa liderləri ilə danışmaqdan imtina edir. Pavelin fikrincə, Avropa danışıqlar aparmaq üçün digər liderlərin müvafiq mandat verəcəyi bir şəxsi və ya şəxslər qrupunu müəyyənləşdirməlidir.

“Politico” yazıb ki, diplomatlar Aİ-ni kimin təmsil etməli olduğu barədə razılığa gələ bilmirlər. Namizədlərdən biri Finlandiya Prezidenti Aleksandr Stubbdur. O, Aİ liderləri arasında ABŞ Prezidenti Donald Trampla ən yaxşı münasibətlərə malik şəxslərdən biri hesab olunur. Finlandiyanın Rusiya ilə münasibətlər sahəsində də böyük təcrübəsi var. Stubb Ukrayna Prezidenti Volodimir Zelenski və Uitkoffun Osloda keçirdiyi görüşdə də iştirak edib.

“Avropa İttifaqını sonda kimin təmsil edəcəyi ilə bağlı seçim şəxsi hakimiyyət uğrunda mübarizəyə və ya narsistik qərəzlərə deyil, ən böyük faydanı nəyin təmin edəcəyinə əsaslanmalıdır”, - Aİ diplomatlarından biri nəşrə deyib.

Digər bir avropalı diplomat isə hesab edir ki, Avropa Şurasının prezidenti Antonio Koşta da Putinlə danışmağa cəhd etməlidir. O qeyd edib ki, fon der Leyen və Kallas Ukraynaya həddindən artıq yaxın şəxslər kimi qəbul olunur, Koşta isə bu fonda daha qərəzsiz vasitəçi təsiri bağışlayır.