BAKI, 22 oktyabr. TELEQRAF

“Fransada regional hakimiyyət orqanları yaxın günlərdə həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalar istisna olmaqla, keçirilməsi planlaşdırılan bütün nümayişləri qadağan edəcək”.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalardan söhbət gedirsə, prefektlər alternativ marşrutlar təklif edəcəklər. Əgər nümayişlər həmkarlar ittifaqları tərəfindən təşkil olunmayıbsa, imkanımız çatan hər yerdə onları qadağan edəcəyik”, - Makron qarşıdan gələn nümayişlərə həsr olunmuş hökumət üzvləri ilə müşavirədən sonra bildirib.

Fransa liderinin fikrincə, hazırda etirazların keçirilməsi vaxtı deyil: “Hamımızın sakitliyə qayıtmağa ehtiyacı var”.

Makron oktyabrın 17-də baş verən iğtişaşlarda radikal solçu qruplaşmaları günahlandırıb: “Onların məqsədi respublikanı məhv etməkdir”.

Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.

Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunes hakimiyyətin talan və qarətlərdə iştirak edən şəxslərin hamısının təqibini davam etdirəcəyini vəd edib.