BAKI, 18 avqust. TELEQRAF
Rusiyanın Moskva vilayəti gecə və səhər saatlarında Ukraynadan kütləvi dron hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya regionunun qubernatoru Andrey Vorobyov məlumat verib.
“Bu gecə və səhər hava hücumundan müdafiə qüvvələri və elektron müharibə vasitələri Moskva vilayətinə genişmiqyaslı dron hücumunu dəf edib. Bölgə üzərində 150-dən çox PUA vurulub”, - Vorobyov deyib.
O qeyd edib ki, pilotsuz təyyarələr Boqorodskoye, Ramenskoye, Pavlovski Posad, Orexovo-Zuyevo, Voskresensk, Stupino, Kolomna və Elektrostalda zərərsizləşdirilib.
Moskva şəhərinin meri Sergey Sobyanın isə bildirib ki, Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri paytaxta yaxınlaşarkən 180 dronu məhv edib. Sobyaninin sözlərinə görə, Moskvaya doğru ümumilikdə 620 dron uçub və bu, son zamanlar ən böyük hücum olub.
Rusiya Müdafiə Nazirliyi də Ukraynanın Moskvaya kütləvi dron hücumundan sonra ölkənin bölgələri üzərində ümumilikdə 791 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.