BAKI, 10 avqust. TELEQRAF
Ukraynanın Ali Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın barəsində seçilmiş qətimkan tədbirini yumşaldıb.
Teleqraf xəbər verir ki, bu barədə Yermakın vəkilləri məlumat yayıblar.
“Bu gün Ali Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında Andrey Yermakın ayrıca icazə olmadan hərəkət edə biləcəyi ərazinin sərhədlərini genişləndirib”, - açıqlamada bildirilib.
İlk növbədə söhbət Yermakın rəhbərlik etdiyi Ukrayna Milli Vəkillər Assosiasiyasının (UNVA) fəaliyyət göstərdiyi regionlardan gedir. Bununla yanaşı, məhkəmə elektron nəzarət vasitəsi qərarını qüvvədə saxlayıb.
Vəkillərin sözlərinə görə, qətimkan tədbirinin tətbiq olunduğu təxminən üç ay ərzində Yermak üzərinə qoyulan bütün öhdəlikləri yerinə yetirib.
Müdafiə tərəfi qeyd edib ki, Yermak artıq vəkil və UNVA rəhbəri kimi vəzifələrini yerinə yetirə və hərbçilərə hüquqi yardım göstərə biləcək.
Xatırladaq ki, mayın 11-də Andrey Yermaka Kiyev yaxınlığında elit kottec qəsəbəsinin tikintisi zamanı 460 milyon qrivnanın (təxminən 10,4 milyon dollar) leqallaşdırılması işi üzrə ittiham irəli sürülüb. Mayın 12-də isə müstəntiqlər onun evində axtarış aparıblar.
Məhkəmə onun 60 gün müddətinə həbs edilməsinə qərar verib və 140 milyon qrivna (3,1 milyon dollar) məbləğində girov qarşılığında azadlığa buraxılmasına imkan yaradıb. Mayın 18-də, istintaq təcridxanasında dörd gecə keçirdikdən sonra Yermak girov müqabilində azadlığa çıxıb. Bununla yanaşı, ona elektron qolbaq taxmaq, xarici pasportlarını təhvil vermək və müstəntiqin və ya məhkəmənin tələbi ilə gəlmək öhdəliyi qoyulub.