BAKI, 7 avqust. TELEQRAF

İslandiya və Monteneqro 2028-ci ildə eyni vaxtda Avropa İttifaqına (Aİ) üzv ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə nüfuzlu "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, bunun reallaşması üçün İslandiya xalqı avqustda keçiriləcək referendumda quruma üzvlüklə bağlı danışıqların yenidən başlamasına razılıq verməlidir.

Qeyd edilib ki, İslandiya Avropanın vahid iqtisadi və sərhədsiz gediş-gəliş sistemlərinə daxildir. Buna görə də səsvermə müsbət nəticələnərsə, cəmi 1-2 il ərzində ölkə təşkilata tam qəbul oluna bilər. Digər namizəd olan Monteneqro isə artıq lazımi şərtlərin yarısından çoxunu yerinə yetirib və 2028-ci ildə Aİ-yə daxil olmağı hədəfləyir.

Nəşr izah edir ki, hər iki dövlətin eyni vaxtda təşkilata qəbul edilməsi çox ağlabatan ssenaridir. Belə ki, varlı və inkişaf etmiş dövlət olan İslandiyanın ittifaqa gətirəcəyi pullar gələcəkdə birliyin ən kasıb ölkələrindən biri olacaq Monteneqronun xərclərini bağlamağa kömək edəcək.