BAKI, 4 iyul. TELEQRAF

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov ABŞ Prezidenti Donald Trampı kommunizmi “Amerika azadlığına ölümcül təhlükə” adlandırdığı açıqlamasını sərt tənqid edib.

Teleqraf xəbər verir ki, siyasətçi bu barədə yerli mediaya bildirib.

Züqanovun sözlərinə görə, Trampın açıqlamaları ABŞ-nin Kommunist Partiyasının idarə etdiyi Çinə qarşı siyasəti ilə əlaqəlidir.

Rusiya kommunistlərinin lideri ABŞ Prezidentini “alverçi və quldur” adlandırıb.

“Tramp yeni heç nə deməyib, deyə də bilməz. Bunun üçün onun nə beyni, nə də vicdanı var”, - o vurğulayıb.

Züqanov Trampı məqsədlərinə təzyiq və hədələrlə çatmağa çalışmaqda ittiham edib.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl ABŞ-nin Müstəqillik Günü münasibətilə çıxışında kommunizmi “Amerika üçün ən ölümcül təhlükə” adlandıraraq onu dünya müharibələrindən, Perl-Harbora hücumdan və 11 Sentyabr terror aktından da daha böyük təhdid kimi qiymətləndirmişdi. ABŞ Prezidentinin fikrincə, məhz kommunizm Amerikanın azadlığı üçün əsas təhlükədir.