BAKI, 30 iyun. TELEQRAF

Litva Seymi (parlament) sərhədyanı nəqliyyatla bağlı Belarusla imzalanmış sazişi denonsasiya edib.

Teleqraf xəbər verir ki, deputatlar bu qərarı təxminən iki dəqiqə davam edən müzakirədən sonra yekdilliklə veriblər.

Sənədlərə əlavə edilmiş izahatda bildirilir: “Sərhədyanı nəqliyyat haqqında saziş hələ 2010-cu ildə imzalanıb. Amma Litva indiyədək Belarus tərəfindən həmin razılaşma üzrə daxili prosedurların başa çatdırıldığına dair təsdiq almayıb. Buna görə də sənəd öz aktuallığını itirib”.

Sazişin məqsədi sərhədyanı ərazilərdə yaşayan insanların qonşu ölkəyə səfərlərini asanlaşdırmaq idi. Razılaşmaya əsasən, yerli sadələşdirilmiş icazələr əsasında sərhədi keçmək və altı ay ərzində ümumilikdə 90 gün qonşu ölkənin ərazisində qalmaq mümkün olacaqdı.

Litva bu sazişi 2011-ci ildə ratifikasiya etmiş və onu birtərəfli qaydada ləğv etmək hüququnu özündə saxlamışdı.