BAKI, 30 iyun. TELEQRAF
“Ukrayna Stepan Bandera və tərəfdarlarını dəstəkləməyə davam etsə, Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Avropa əməkdaşlığını məhv edənləri milli qəhrəmanlar panteonuna daxil etmək olmaz. Ukrayna Bandera ilə Aİ-yə daxil ola bilməyəcək”, - nazir vurğulayıb.
Qeyd edək ki, iyunun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qəhrəmanlarının milli panteonunun yaradılmasını təklif edib. Hələlik həmin panteona kimlərin daxil ediləcəyi müəyyənləşdirilməyib. Amma namizədlər arasında Ukrayna Millətçiləri Təşkilatının (OUN) ideoloqu və lideri Stepan Banderanın da ola biləcəyi istisna olunmur.
Stepan Bandera XX əsrdə Ukrayna Milli Azadlıq Hərəkatının tanınmış liderlərindən biri, ifrat sağçı siyasətçi və Ukrayna Millətçiləri Təşkilatının rəhbəri olub
Banderanın şəxsiyyəti və fəaliyyəti fərqli şəkildə qiymətləndirilir. Ukrayna üçün onun müstəqilliyi uğrunda Polşa, SSRİ və Nasist Almaniyasına qarşı mübarizə aparmış milli qəhrəman hesab olunur. Rusiya və Polşa üçün İkinci Dünya müharibəsi dövründə nasistlərlə əməkdaşlıq etmiş kollaborasionist, dinc polyak və yəhudilərin qətlində günahkar bilinən radikal cinayətkar kimi qəbul edilir.