BAKI, 29 iyun. TELEQRAF

“Belarusın Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə cəlb olunmaması üçün Minskin sağlam məntiqə əsaslanması kifayətdir”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anita Hipper Belarusun Rusiya tərəfindən müharibəyə qoşulmaması üçün xarici yardıma ehtiyac olub-olmaması ilə bağlı sualı cavablandırarkən səsləndirib.

“Belarusun ehtiyac duyduğu yeganə yardım daha çox sağlam məntiqdir ki, özünün bu müharibəyə cəlb olunmasına imkan verməsin”, - sözçü bildirib.

Avropa Komissiyası hesab edir ki, Belarus artıq Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak edir:

“Rusiya Aleksandr Lukaşenko ilə münasibətlərini daha da dərinləşdirərək Belarusu bu müharibəyə cəlb edir. Rusiya hara gedirsə, özü ilə dağıntılar aparır, artıq bunu görmüşük. Belarus isə Rusiyanın hərbi təcavüzünə dəstək verdiyi üçün ona qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”.

Hipper Belarusun gələcəkdə Ukraynaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak edə biləcəyi ehtimalını şərh etməkdən imtina edib:

“Belə ssenariləri müzakirə etməyəcəyik. Hazırda mövcud reallıq ondan ibarətdir ki, Belarus Rusiyaya tam dəstək verir. Həmçinin Lukaşenkonun Avropa İttifaqına qarşı hibrid təhdidlərdən, o cümlədən miqrantlardan alət kimi istifadə etdiyini gördük. Məhz buna görə də onun rejiminə qarşı məqsədyönlü tədbirlər görmüşük”.

Xatırladaq ki, son zamanlarda Qərb mediasında Rusiyanın Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Belarusa təzyiqi artırdığı barədə silsilə məlumatlar dərc olunur. Ukrayna Prezidenti Volodimir Zelenski bundan yayınmaq üçün Belarusa sərt xəbərdarlıq edib.