BAKI, 1 may. TELEQRAF

“Ukrayna iyuldan gec olmayaraq bütün altı danışıqlar klasterini açmağı və 2027-ci ildə Avropa İttifaqı (Aİ) ilə üzvlük müqaviləsinin imzalanmasını planlaşdırır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Taras Kaçka deyib.

O xatırladıb ki, Ukrayna martda bütün bölmələr üzrə texniki danışıqların uğurla başa çatdırılması üçün ikinci şərtlər paketini alıb:

“Ümumilikdə Avropa İttifaqının bizdən 145 tələbi var, əksəriyyəti Ukrayna qanunvericiliyinin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması ilə bağlıdır. Bu, həm də qanunların tətbiqi, yəni gündəlik praktika və institutların fəaliyyəti məsələsidir”.

Hazırda Kiyevlə Brüssel arasında bütün altı klaster üzrə texniki işlər aparılır. Kaçkanın sözlərinə görə, bu danışıqlar klasterlərinin hamısının açılması ən gec iyulda gözlənilir və bu, danışıqların uğurla tamamlanması üçün başlanğıc siqnal olacaq:

“Sonrakı 12-18 ay ərzində danışıqların əksər bölmələrini bağlamaq mümkündür. Artıq gələn il Avropa İttifaqına üzvlük müqaviləsinin imzalanmasına çatmaq mümkündür. Bu müqavilə daha sonra üzv dövlətlər və Ukraynada ratifikasiya olunmalıdır ki, bu da bir neçə il çəkəcək”.