BAKI, 11 aprel. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti X-də bildirib.

“Ukraynadakı vəziyyəti və BMT Nizamnaməsinin prinsiplərinə uyğun olmalı və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinə əsaslanmalı olan ədalətli və davamlı sülh axtarışını təşviq etməyə yönəlmiş “Könüllülər Koalisiyası daxilində birgə işimizi müzakirə etdik”, - o vurğulayıb.

Makronun sözlərinə görə, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər, atəşkəsə riayət olunmasına, onun Livanda da tətbiqinə və Hörmüz boğazında gəmilərin hərəkətinə hörmət edilməsinə çağırıblar.

Fransa Prezidenti türkiyəli həmkarı ilə Cənubi Qafqazdakı prosesləri də müzakirə edib.

“Açıq sərhədlər və gücləndirilmiş regional əməkdaşlıq əsasında (Azərbaycan və Ermənistan arasında – red.) yeni mərhələyə keçidi təmin edəcək sülh prosesinə Fransanın dəstəyini bir daha təsdiqlədim”, - Makron vurğulayıb.

Fransa lideri görüşün sonunda iki liderin dialoq və əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəldiyini də qeyd edib.