BAKI, 24 fevral. TELEQRAF

“Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi Kreml üçün hərbi, iqtisadi və strateji baxımdan məğlubiyyətlə nəticələndi”.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, müharibə NATO-nu gücləndirib, Avropa ölkələrini birləşdirib və Moskvanın köhnə imperiya ambisiyalarının reallaşmayacağını göstərib.

Makronun sözlərinə görə, Kremlin Ukraynanı bir neçə günə ələ keçirmək vədinə baxmayaraq, 2022-ci ilin noyabrında cəbhə stabilləşdikdən sonra Rusiya yalnız Ukrayna ərazisinin təxminən bir faizini işğal edib. Keçən ay isə Ukrayna qüvvələri işğal edilmiş ərazilərin bir hissəsini geri qaytarıb.

Fransa Prezidenti vurğulayıb ki, müharibə Rusiyaya çox baha başa gəlib, 1,2 milyondan çox hərbçisi ölüb və ya yaralanıb, bu da ölkənin İkinci Dünya müharibəsindən bəri ən böyük döyüş itkisidir:

“Belə itkilərdən sonra Rusiya Afrika ölkələrində insan toplamağa və onları tam hazırlıqsız formada Ukraynaya göndərməyə başlayıb”.

Emmanuel Makron əlavə edib ki, Ukrayna Avropanın ön müdafiə xəttidir və Fransa digər Avropa ölkələri ilə birlikdə dəstəyini davam etdirir. O qeyd edib ki, Avropa İttifaqı artıq Ukraynaya 170 milyard avro maliyyə, hərbi, humanitar və enerji yardımı göstərib, dekabrda isə əlavə 90 milyard avro kredit təsdiqlənib.

Makron vurğulayıb ki, silah-sursat tədarükü, hərbi təlim, hava hücumundan müdafiənin gücləndirilməsi və dronlardan müdafiə davam etdiriləcək: “Bu dəstək Ukraynanın möhkəm dayanması və Rusiyanın zamanın onun tərəfində olmadığını başa düşməsi üçün vacibdir”.