“Yunanıstandakı siyasi liderlər üçün Türkiyə ilə problemləri həll edib, bunun altına imza atmaq daxili siyasətdə çətinliklər yaradır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Nazir Yunanıstan Baş naziri Kirakos Mitsotakisin son seçkilərdə bu yolla aldığı güclü dəstəyin məsələlərin həllində imkan pəncərəsi aça biləcəyinə diqqət çəkib.

“Yunanıstanın daxili siyasətində Türkiyənin təhlükə kimi təqdim edilməsi məsələsi həmişə hərəkətverici amil olub. Yəni Türkiyə ilə bağlı kimsə nəsə etməyə çalışanda mütləq və mütləq siyasi bədəl ödəməli olur. İndi isə Yunanıstanda bir siyasi lider (Kiriakos Mitsotakis – red.) Türkiyə ilə problemləri həll edib bölgəyə sülh gətirməklə öz siyasi karyerasını riskə atmaq arasında seçim etməlidir”, - Hakan Fidan vurğulayıb.

Türkiyənin təkcə araşdırıcı danışıqlar aparmağa deyil, problemi qalıcı şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan etdiyini söyləyən xarici işlər naziri bunun üçün qarşılıqlı siyasi iradənin ortaya qoyulmasının vacibliyini bildirib. Daxili siyasətlə xarici siyasətin bir-birindən ayrılmalı olduğunu qeyd edən Hakan Fidan etimad quruculuğu tədbirlərin həyata keçirilməsi və xalqlar arasında qarşılıqlı təmasların əhəmiyyətinə də toxunub.