BAKI, 19 dekabr. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə ərazisindən 2 000 kilometrdən çox məsafədə yeni xüsusi əməliyyat həyata keçirib.
Teleqraf xəbər verir ki, çoxmərhələli tədbirlər nəticəsində ilk dəfə olaraq, Aralıq dənizinin neytral sularında SBU-nun elit operativ-döyüş bölməsi “Alfa” PUA-larla Rusiyanın kölgə donanmasına məxsus QENDIL tankerini vurub.
Qurumun açıqlamasına görə, xüsusi əməliyyat zamanı Rusiya gəmisi yük daşımayıb, boş olub. Qeyd edilib ki, buna görə də hücum regionda ekoloji vəziyyət üçün heç bir təhlükə yaratmayıb.
“Rusiya bu tankerdən sanksiyalardan yan keçmək və Ukraynaya qarşı müharibəyə yönəldilən vəsaitləri qazanmaq üçün istifadə edib. Buna görə də beynəlxalq hüquq, eləcə də müharibə qanun-qaydaları baxımından bu, SBU üçün tam qanuni hədəf idi. Düşmən anlamalıdır ki, Ukrayna dayanmayacaq və harada olmasından asılı olmayaraq, onu dünyanın istənilən nöqtəsində vuracaq”, - açıqlamada vurğulanıb.
Məlumata görə, hücum nəticəsində QENDIL tankeri kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə oluna bilməz.