BAKI, 21 avqust. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Teleqraf xəbər verir ki, Fransa lideri bu barədə X səhifəsində bildirib.
Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan görüşü müzakirə ediblər.
“Prezident Trampın himayəsi altında avqustun 8-də Ermənistan və Azərbaycan arasında keçirilən görüşdən yaranan ümidə də toxunduq. Tərəqqinin davam etməsi və bütün sərhədlərin yenidən açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verməsi vacibdir”, - Fransa prezidenti yazıb.
***
15:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa tərəfinin istəyi ilə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlarda Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, Rusiya-Ukrayna sülh prosesi və Qəzza zolağında son vəziyyət də daxil olmaqla çoxsaylı regional və qlobal hadisələr müzakirə edilib.
Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülhlə sona çatdırmaq üçün səylərinin davam etdiyini, Alyaska və Vaşinqtondakı görüşləri yaxından izlədiklərini bildirib.
Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında bütün səylərə ev sahibliyi etməyə hazırdır.
Ərdoğan Türkiyənin böyük humanitar fəlakət yaşayan Qəzzada atəşkəsə nail olmaq üçün səy göstərdiyini də vurğulayıb.