BAKI, 20 avqust. TELEQRAF

“Ukrayna və Rusiya arasında sülh genişmiqyaslı müharibənin başlanmasından bəri heç vaxt olmadığı qədər yaxındır”.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis deyib.

“Düşünürəm ki, Alyaska sammiti (ABŞ və Rusiya prezidentlərinin görüşü – red.) hadisələri irəli aparmaq üçün çox faydalı oldu. Məncə, bu, mühüm məqamdır. Biz sülhə uzun müddət ərzində heç vaxt olmadığı qədər yaxınıq”, - o bildirib.

Jarvis əmindir ki, Ukraynadakı müharibə ilə bağlı vəziyyət döyüş nöqtəsinə çatıb və hərbi əməliyyatların dayandırılması şansı Rusiya işğalı başlayandan bəri ən yüksək həddədir.