BAKI, 4 iyun. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloni Fransa Prezidenti Emmanuel Makronu baş nazirin Romadakı iqamətgahında - Çiqi Sarayının önündə öpərək və təbəssümlə qarşılayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
İyunun 3-də baş nazirlə prezident arasında keçirilən ikitərəfli görüş üç saat davam edib, ardınca şam yeməyi olub.
Danışıqların sonunda Meloni və Makron birgə bəyanat yayaraq bəyan ediblər ki, Avropa inteqrasiyasının qurucu ölkələri kimi öz rollarına sadiq qalan İtaliya və Fransa daha suveren, daha güclü və çiçəklənən Avropa və hər şeydən əvvəl sülhlə bağlı birgə öhdəliklərini gücləndirmək niyyətindədirlər.
İki lider 2026-cı ilin əvvəlində Fransada ikitərəfli sammitin keçirilməsi barədə razılığa gəlib.

Meloni ötən həftə Roma və Paris arasında fərqlərin olduğunu etiraf etsə də, bunların kiçik olduğunu bildirmiş, Makronla hər hansı şəxsi problemləri inkar etmişdi.
Makron 2022-ci ildə ikinci müddətə seçildikdən və millətçi Meloni İtaliyada hakimiyyətə gəldikdən sonra iki qonşu arasında münasibətlər heç də asan olmayıb. Xüsusilə iki lider arasındakı soyuq münasibətlər diqqətdən yayınmayıb. Meloni və Makron arasındakı soyuq münasibətlərin, xüsusən də İtaliya baş nazirinin Fransa prezidentinə qarşı antipatiyasının səbəbi bəlli olmasa da, bu, onların hər görüşündə özünü açıq büruzə verirdi.