BAKI, 2 iyun. TELEQRAF
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar İstanbulda başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
***
15:44
Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar İstanbulda başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri Rustem Umerov, Rusiya tərəfinə isə prezidentin müşaviri Vladimir Medinski rəhbərlik edir.
Danışıqlarda Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan təmsil edir.
Qeyd edək ki, danışıqların birinci raundu mayın 16-da keçirilib.
***
11:21
2022-ci ilin fevralında başlayan qanlı müharibədən dərhal sonra həm Antalya, həm də İstanbulda Rusiya və Ukraynanı eyni masada bir araya gətirən Türkiyə üç ildən sonra yenidən tərəfləri İstanbulda görüşdürməyi bacarıb.
Teleqraf xəbər verir ki, üç illik fasilədən sonra Rusiya və Ukrayna arasında ilk danışıqlar mayın 16-da İstanbuldakı Dolmabahçe sarayında keçirilib.
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında ikinci görüşün bu gün Bakı vaxtı ilə saat 14:00-da İstanbuldakı Çırağan sarayında keçiriləcəyi gözlənilir.
Tərəflər ilk danışıqlarda “1000-ə qarşı 1000” prinsipi ilə əsir mübadiləsi həyata keçirmək, mümkün atəşkəs barədə ətraflı təkliflər vermək və müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Hər iki ölkə may ayının 25-də əsir mübadiləsinin baş tutduğu ilə bağlı açıqlama yaymışdı.
Bu gün keçiriləcək görüşdə atəşkəs şərtlərinin müzakirə olunacağı gözlənilir. Ukrayna qeyd-şərtsiz atəşkəsdə maraqlı olduğunu bəyan edərkən, Rusiyanın İstanbulda qarşı tərəfin önünə hansı yenilənmiş şərtlərlə çıxacağı məlum deyil.
Danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndə heyətinə prezidentin müşaviri Vladimir Medinski rəhbərlik edəcək.
Qeyd edək ki, görüşdən bir gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti rus aviabazalarına hücum edərək onlarla təyyarəni məhv etmişdi.