BAKI, 9 aprel. TELEQRAF

Avropanın diqqəti Ukraynaya yönələrkən, Qərbi Balkanda gərginlik artır, region liderləri Rusiya Prezidenti Vladimir Putinin bu məqamdan istifadə edəcəyindən ehtiyat edirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazır.

ABŞ nəşri bildirir ki, Böyük Britaniya rəsmiləri Qərbi Balkanı “yeni qaynar nöqtə” adlandırırlar.

“Avropada müharibə gedərkən və Rusiyanın da bölgəyə güclü təsirləri davam edərkən, hələ də həll edilməli olan problemlərin qaldığı Qərbi Balkana arxa çevirmək axmaqlıq olardı”, - Britaniya xarici işlər naziri Devid Lemmi bildirib.

Bölgə ölkələri Kremlin Balkanda iğtişaşları qızışdırmaq, öz maraqlarını gücləndirmək və Avropa İttifaqı (Aİ) daxilində yeni problemlər yaratmaq üçün köklü etnik və dini gərginlikdən istifadə etməyə çalışacağından ehtiyat edirlər.

“Bölgə ölkələri problemləri həll etməlidirlər, əks halda Rusiyanın oyun meydançası olmağa davam edəcəklər”, - Britaniya rəsmilərindən biri nəşrə deyib.

“Politico”nun fikrincə, Rusiya regionu qarışdırmaq üçün Serbiya və Kosovo arasında yenidən artan gərginlikdən istifadə edə bilər.