BAKI, 12 mart. TELEQRAF

İndi diqqətimizi atəşkəs istiqamətində ilk addımlara və müharibəni bitirmək üçün plan hazırlamağa yönəltməliyik.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət başçısı atəşkəs zamanı hərbi vəziyyətin ləğvinə və seçkilərin keçirilməsinə hazır olub-olmaması barədə suala belə cavab verib:

“Atəşkəsə hazırıqmı? Biz konkret olaraq bunu etdik və “hə” dedik. Sual olunur: Rusiya tərəfi buna hazırdırmı? İkincisi: tərəfdaşlarımız texniki monitorinqə hazırdırlarmı? Bu, çox vacib məsələdir”.

Zelenski davamlı atəşkəs üçün Ukraynaya texniki yardım lazım olduğunu söyləyib.

Prezident belə bir addımdan sonra dünən Səudiyyə Ərəbistanında danışıqların gündəmində olan ABŞ-nin təklifindən, yəni 30 günlük atəşkəs müddətindən istifadə oluna biləcəyini və müharibəni bitirmək üçün tam plan hazırlaya biləcəyini açıqlayıb:

“Bu, Ukraynanın təhlükəsizliyinə zəmanət verən mərhələli plandır. Əgər bütün bunlar həyata keçirilsə, o zaman bu plan hazırlandıqdan sonra istənilən halda mərhələli şəkildə həyata keçiriləcək ki, bu da müharibənin başa çatmasına gətirib çıxaracaq. Müharibə başa çatdıqdan sonra hərbi vəziyyət aradan qaldırılacaq, hərbi vəziyyət ləğv edildikdən sonra isə Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmaz”.