
BAKI, 1 mart. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Donald Trampdan sonra prezident olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ağ Evdə ABŞ və Ukrayna liderləri arasında yaşanan gərginlikdə vitse-prezidentin roluna diqqət çəkib:
“Ağ Evdəki qalmaqalın təməli iki həftə əvvəl Münxen Təhlükəsizlik Konfransında qoyulmuşdu. Ağ Evdə iki ölkə prezidentinin dalaşmasına rəvac verən vitse-prezident Ceyms Vens iki həftə əvvəl təhlükəsizlik konfransında Rusiya və Çini deyil, Avropa ölkələrini hədəf seçmişdi. Bu, həmin toplantıda böyük qalmaqala səbəb olmuşdu. Bundan başqa ABŞ vitse-prezidenti konfransa qatıldığı ölkənin – Almaniyanın Kansleri Olaf Şoltsla görüşdən imtina etməklə, növbəti qalmaqala imza atmışdı. Bunun əvəzinə Vens Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.
Ağ Evdə Zelenskini aşağılamağa çalışan Vens iki həftə əvvəlki görüşün məhsuldar keçdiyini bildirmişdi. Ancaq orası da bəlliydi ki, Vens senator olduğu dövrdə ABŞ-nin Ukraynaya dəstəyinin əleyhinə idi. Demək, bu, özünü hansısa rəsmi görüşdə büruzə verməliydi. Vens özünü Ağ Evdəki görüşə hazırlamışdı. Bu fiquru gələcəkdə diqqətlə izləməliyik, ABŞ-nin yaxın tarixində vitse-prezidentlər Vens qədər fəal olmayıblar. O isə Trampın andiçməsindən ötən cəmi 40 gün ərzində beynəlxalq aləmi özündən danışdırmağa məcbur edib”.
Elxan Şahinoğlu hesab edir ki, Vens Trampdan sonra ABŞ prezidenti olmaq istəyir, bunun üçün hələlik Ukraynanı hədəf seçib.
Xatırladaq ki, ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, iş adamı İlon Mask da Vensin Trampdan sonra Amerika prezidenti olacağını iddia edir.