BAKI, 14 avqust. TELEQRAF
Qazaxıstanda yüksək gərginlikli xəttin kəsilməsi səbəbindən Mərkəzi Asiya enerji sistemi təcrid rejiminə keçib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Energetika Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, avadanlıqları qorumaq üçün avtomatik sistem işə salınıb. Vəziyyət hazırda mütəxəssislərin nəzarəti altındadır.
Energetika Nazirliyinin məlumatına görə, elektrik kəsintisi baş verməyib, elektrik enerjisi normal şəkildə verilir. Mütəxəssislər qısamüddətli kəsintilərin səbəbi ilə bağlı əlavə məlumat verəcəklər.
Qırğızıstan müvəqqəti olaraq təcrid rejiminə keçib.
Qazaxıstanın Energetika Nazirliyi də Almatı şəhəri və digər bölgələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumat yayıb. Qurumun izahına görə, ölkənin enerji sistemində Mərkəzi Asiyanın enerji sistemindən elektrik enerjisi axınının kəskin dəyişməsi nəticəsində güc sıçrayışı baş verib. Nəticədə qəza əleyhinə sistem işə düşüb və bir sıra regionlarda istehlakçıların bir hissəsi müvəqqəti olaraq elektrik enerjisi təchizatından ayrılıb.
Hazırda sistem operatoru olan KEGOC ASC zəruri bərpa işlərini həyata keçirir. Bir sıra regionlarda elektrik enerjisinin verilişi artıq bərpa olunub.
Baş verənlər Özbəkistan və Tacikistanda da elektrik enerjisinin verilməsində fasilələr yaradıb.