BAKI, 12 iyun. TELEQRAF

Qazaxıstanın ən böyük siyasi qüvvəsi, hakim “Amanat” partiyasının sədri Yerlan Koşanov partiya üzvlərinin yaxın zamanda qeydiyyatdan keçmiş “Adilet” Partiyası ilə birləşmək təşəbbüsünü dəstəkləyib.

Teleqraf xəbər verir ki, o, partiyaların birləşməsi məsələsinin “Amanat”ın növbəti qurultayında həll olunacağını bildirib.

“Bu məsuliyyətli məqamda birləşməli və resurslarımızı yeni siyasi qüvvə olan “Adilet” Partiyası ilə bir araya gətirməliyik. Daha sonra vahid prezidentyönlü siyasi qüvvə kimi birlikdə ədalətli və mütərəqqi Qazaxıstan quruculuğunu davam etdirməliyik”, - Koşanov deyib.

“Amanat” Partiyasının qurultay iştirakçıları da “Adilet” Partiyasına qoşulma qərarını dəstəkləyiblər, birləşmənin lehinə səs veriblər.

Qurultayın qərarında deyilir:

“Amanat” Partiyasının “Adilet” Partiyası ilə birləşməsi yoluyla yenidən təşkil olunması barədə qərar qəbul edilsin”.