BAKI, 18 may. TELEQRAF
Mayın 12-17-də Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Gənclərlə İş Nazirliyi, Tatarıstan SELET Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının ənənəvi 12-ci Beynəlxalq Forumu keçirilib.
Teleqraf xəbər verir ki, forumun açılış mərasimində Tatarıstan rəisinin köməkçisi Timur Suleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov, RF Gənclər üzrə Federal Agentliyinin rəhbərinin müavini Yeqor Litvinenko, Tatarıstan gənclərlə iş naziri Azat Kadırov, SELET-in direktoru Aygül Qabdrrəhmanova və Tatarıstan Gənclərinin Diplomatiya Akademiyasının sədri Dilbər Sadıqova iştirak edib.
Çıxışlarda İƏT Gənc İş Adamları Forumunun davamlılığı, bu forumun Rusiya və İslam dünyası gəncləri arasında əlaqələrin gücləndirilməsində oynadığı rol, eləcə də onun investisiya yönümlü olması xüsusi vurğulanıb.
Açılış mərasimindən sonra startap nümayəndələri arasında işçi sessiyalar keçirilib. Növbəti mərhələdə Rusiya, Misir, Azərbaycan, İndoneziya, Malayziya, Özbəkistan, Qazaxıstan, Qırğızıstanı təmsil edən nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.
Forum çərçivəsində biznes planın inkişafı, hədəf auditoriyasının müəyyən edilməsi, sahibkarlıq üzrə çağırışlar və imkanlar mövzuları üzrə işçi qruplar fikir mübadiləsi aparıblar.
Forumun bağlanış mərasimində rəsmilər çıxış etdikdən sonra, Rafiq İsmayılov və Timur Suleymanov Forumun iştirakçılarına sertifikatlar təqdim ediblər.
Artıq 10 ildən çoxdur həyata keçirilən İƏT Gənc İş Adamları Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc iş adamlarının fəaliyyətlərini stimullaşdırmaq, qloballaşan dünyada yeni biznes ideyalarının yaranmasını təşviq etməkdən ibarətdir. Hər il forumun son günü ekspertlərdən ibarət beynəlxalq jüri müvafiq qiymətləndirmə meyarları əsasında qalib startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərarlar verir.