BAKI, 24 oktyabr. TELEQRAF

Yəmən üsyançı Ənsar Allah (husilər) hərəkatı Səudiyyə Ərəbistanının neft və qaz şirkəti "Saudi Aramco"nun obyektlərinə, neft boru kəmərinə, bir neçə hava limanına və hərbi bazaya hücum etdiklərini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

"Silahlı qüvvələrimiz ballistik raketlər və dronlardan istifadə edərək yeddi hədəfə zərbələr endirib. Hücumlar Yanbudakı "Saudi Aramco" obyektlərini, "Rabigh" neft emalı zavodunu, xam neft nasos stansiyalarını və Şərq-Qərb boru kəmərini hədəf alıb" - Y.Saria qeyd edib.

Bundan əlavə, üsyançı sözçüsünün sözlərinə görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına, Nəcran Hava Limanına və Xamis Muşayt hava bazasına zərbələr endirilib.

Husi sözçüsü bildirib ki, bu hərəkətlər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hücumlarına cavabdır.