BAKI, 12 may. TELEQRAF
“Hətta sizi xüsusi əməkdaş və ya hansısa qurum dinləsə belə, siz bunu başa düşməyəcəksiniz. Biz kimisə dinləsək, siz bunu hiss etməyəcəksiniz, amma yalnız Konstitusiyaya ciddi əməl olunduqda və məhkəmə qərarı olduqda”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Əlişir Yerbayev Joqorku Keneşin Maliyyə, Büdcə, Sahibkarlıq və Rəqabətin İnkişafı Komitəsinin iclasında deyib.
Parlament qurumunda müzakirə mövzusu Dövlət Təhlükəsizlik Komitəsinə mobil operatorların məlumat bazalarına çıxış imkanı verən qanun layihəsi olub.
Deputat İsmanali Joroyev iclasda Qırğızıstanda açar sözlərdən istifadə edərək telefon danışıqlarını dinləmək üçün avtomatlaşdırılmış sistemin olub-olmadığını soruşub:
“Hər yerdə telefon danışıqlarının dinlənilməsi məsələsi var, amma söhbətdə müəyyən sözlər işlədildikdə avtomatik olaraq aktivləşir. Yoxsa bu doğru deyil? Belə bir dinləmə mövcuddur, ya yox?”, - deputat soruşub.
Qırğızıstan kəşfiyyatının rəsmisi cavab olaraq bildirib ki, telefon danışıqlarının dinlənilməsi yalnız məhkəmə qərarı ilə və qanun çərçivəsində mümkündür.