BAKI, 19 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin bir müddətdir Kremldə görünmür. Kreml sahibi sonuncu dəfə on gün əvvəl ictimai tədbirdə iştirak edib.
Teleqraf xəbər verir ki, Ukraynanın “Aqentstva” Teleqram kanalı bunu ABŞ və İsrailin İran rəhbərliyini necə izlədiyi barədə yayılan məlumatlarla əlaqələndirir.
“Bu, ilin əvvəlindən bəri prezidentin qrafikində ən uzun fasilələrdən biridir”, - kanal bildirir.
Qeyd olunur ki, Putin Kremlə getməyi Moskvanın mərkəzində genişmiqyaslı internet kəsintiləri fonunda dayandırıb.
Mənbə iddia edir ki, martın 9-dan sonra Kremlin saytında yayımlanan onlayn görüşlərə dair videolar başqa günlərdə çəkilmiş ola bilər: “Moskva belə təcrübədən tez-tez istifadə edir. Bundan əlavə, Rusiya lideri müxtəlif məkanlarda danışıqlar apara bilər, çünki onun üçün eyni tipli çoxlu kabinetlər qurulub”.
Siyasi ekspert Dmitri Qudkovun məsələ ilə bağlı fikri başqa cürdür:
“Kreml fevralın 28-də öldürülən Əli Xameneinin bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) və MOSSAD (İsrail) tərəfindən şəhərin müşahidə kameraları vasitəsilə izlənilməsindən ehtiyatlana bilər. Moskvada belə kameraların sayı daha çoxdur”.
Teleqram kanalının digər ehtimala görə, Rusiyanın paytaxtında internetin məhdudlaşdırılması İranın yeni Ali rəhbəri Müctəba Xameneinin Moskvada olması ilə bağlı ola bilər. İddiaya görə, Tehrana hava hücumu zamanı ağır yaralanan Müctəba Xamenei Moskvada müalicə alır. ABŞ və ya İsrail xüsusi xidmət orqanlarının bu halda onu izləməyə çalışmasından ehtiyatanaraq internetə məhdudiyyətlər tətbiq etmiş ola bilərlər.