BAKI, 22 yanvar. TELEQRAF

Ukrayna tərəfi Qazaxıstan neftinin dünya bazarlarına nəql edildiyi Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) obyektləri və tankerlərə edilən hücumlardan sonra öz mövqeyini açıqlamayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev bildirib.

Diplomatın sözlərinə görə, Ukraynanın məsələ ilə bağlı konkret mövqeyi yoxdur:

“Danışıqlar gedir. Ona görə də Ukrayna bu mövzu ilə bağlı hələlik rəsmi bəyanat verməyib. Amma diplomatlar, energetika üzrə ekspertlər səviyyəsində bu istiqamətdə iş aparılır”.

O xatırladıb ki, yanvarın əvvəlində tankerlərə hücumdan sonra Qazaxıstan tərəfi Avropa ölkələrinin səfirləri ilə danışıqlar aparıb.

XBKK-nin Novorossiyskdə yerləşən infrastrukturuna genişmiqyaslı hücum 2025-ci ilin noyabr ayının sonunda baş verib. Hücum nəticəsində qurğuya zərər dəyib, infrastrukturun ötürücülük qabiliyyəti azalıb, Qazaxıstan isə neft hasilatını azı 480 min ton azaltmalı olub və tədarükləri digər istiqamətlərə yönəldib. İkinci hücum yanvarda baş verib, Qazaxıstanın neft tankerlərinə hücum edilib.