BAKI, 14 yanvar. TELEQRAF

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı yaxınlığında Qara dənizdə üç tankerə qarşı dron hücumları ilə bağlı ciddi narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Yerlan Jetıbayev deyib.

Hücum yanvarın 13-də baş verib.

“Qazaxıstan Respublikasının heç bir silahlı münaqişənin tərəfi olmadığını, qlobal və Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyini və müəyyən edilmiş beynəlxalq standartlara tam uyğun olaraq fasiləsiz enerji təchizatını təmin etdiyini vurğulayırıq. Bu baxımdan, qeyd edirik ki, sözügedən tankerlər bütün lazımi icazələrə malik idi və tələb olunan identifikasiya avadanlığı ilə təchiz olunmuşdu”, - Jetıbayev söyləyib.

Qazaxıstan hücumdan sonra Avropa və ABŞ rəsmiləri ilə neft daşınmasının təhlükəsizliyini təmin etmək üçün tədbirləri müzakirə edib.