BAKI, 14 dekabr. TELEQRAF

"Regionumuzun ortaq gələcəyi birbaşa Əfqanıstanın gələcəyi ilə bağlıdır".

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Əfqanıstanın qonşu ölkələri və Rusiyanın xüsusi nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə deyib.

Nazir bildirib ki, Əfqanıstan strateji mövqeyə malik ölkədir və Mərkəzi Asiya, Qərbi Asiya və Cənubi Asiyanı birləşdirən mühüm körpü rolunu oynayır. Onun sözlərinə görə, bu ölkədə sabitliyin təmin olunması yalnız humanitar məsələ deyil, bütün region üçün strateji zərurətdir.

Abbas Əraqçinin sözlərinə görə, son onilliklərin təcrübəsi göstərir ki, Əfqanıstanın problemləri kənardan tətbiq olunan yanaşmalarla həll edilə bilməz:

"NATO-nun bu ölkədə 20 illik hərbi mövcudluğu uğursuz təcrübə kimi yadda qaldı. Təhlükəsizlik yönümlü, regiondan kənar qərarlar nə sabitlik yaradıb, nə də davamlı inkişaf təmin edib. Region ölkələrinin və qonşuların rolunun nəzərə alınmaması, sosial və mədəni reallıqların gözardı edilməsi və 2021-ci ildəki tələsik çıxış bu yanaşmanın iflasa uğradığını açıq şəkildə göstərib".

Əraqçi əlavə edib ki, Əfqanıstanla bağlı məsələlərin həlli üçün region ölkələri arasında müntəzəm dialoq və əməkdaşlıq mexanizmləri yaradılmalıdır. Onun fikrincə, yalnız regional yanaşma davamlı sülh, təhlükəsizlik və inkişaf üçün real nəticə verə bilər.