BAKI, 20 noyabr. TELEQRAF

Qırğızıstan iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Bişkekdə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qırğızıstan-Özbəkistan ticari-iqtisadi əməkdaşlığının hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Hər iki tərəfin diqqət mərkəzində birgə strateji hədəfi - qarşılıqlı ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq məsələsi olub. Bu istiqamət hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyən edilib.

Nazirlər həmçinin biznes əlaqələrinin aktivləşdirilməsi və investisiya tərəfdaşlığının dəstəklənməsinə yönəlmiş qarşıdan gələn birgə tədbirlərin hazırlanması və keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Bundan əlavə, sənaye, nəqliyyat logistikası, kənd təsərrüfatı, energetika sahələrində perspektivli birgə layihələr müzakirə edilib.